Biləsuvarda bir nəfəri öldürüb, digərini yaralan şəxs həbs edilib.
Teleqraf.com-un məlumatına görə, Biləsuvar rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Asim Əliyev həbs edilib.
İlkin məlumata görə, ov tüfəngi ilə silahlanan Asim Əliyev Şahin Əliyevlə mübahisə edib. Mübahisə zamanı Asim Əliyevin qardaşı Adil Əliyev araya girib, bu səbəbdən Asim Əliyevin açdığı atəş qardaşına da dəyib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
***
Biləsuvarda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.
Kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Əliyev qardaşı tərəfindən güllənib. Adil Əliyev aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.
O, daha sonra digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Əliyevə də atəş açıb. Baş nahiyəsindən xəsarət alan Şahin Əliyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs qaçaraq gizlənib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində tədbirlər görür.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb.
Hacı Zeynalov