Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Afət Hüseynova tərəflərin suallarınl cavablandırıb.
O bildirib ki, Aygün Akimova özünü vəzifəli şəxslərdən birinin həyat yoldaşı kimi təqdim edib və onun etibarını qazanıb: "Həm də deyirdi, MTN-də işləyirəm. General Akif Çovdarovun adını çəkirdi. Hər gün saat 7:45-də taksiyə minib qaçırdı ki, 8-də nazirlikdə iclasda olmalıyam".
Zərərçəkmiş qeyd edib ki, bununla bağlı nazirliyə müraciət edib: "Dedim ki, belə bir adam mənim bütün əmlakımı ələ keçirib".
Afət Hüseynovanın sözlərinə görə, Aygün Akimova onu Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekti göstib: "Dedi, burada hamı MTN işçisidir, heç kimin üzünə baxma. Mənə dedi ki, 2 milyon 200 minə alıram, sənin də nə qədər pulun varsa, gətir. Mən də axırıncı 186 minimi ona verdim. Rəşid Behbudov küçəsindəki evimi də öz adına almışdı. Sonradan üstü açıldı. Mən Aygünün soyadını Əliyeva bilirdim. Amma evin sənədlərinə baxanda gördüm ki, Akimova yazılıb. Deyirdi ki, onların 2-3 şəxsiyyət vəsiqəsi var. Onu bir dəfə MTN-dən çıxanda maşınla da götürmüşəm. Bu da məni inandırırdı".
Daha sonra digər zərəçəkmiş Natəvan Şahverdiyeva ifadə verib. Növbəti proses mayın 18-də davam edəcək.
Aygün Akimova və İlham Baxışov Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.
İttihama görə, Aygün Akimovanın 6 nəfərə qarşı dələduzluq edib. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır. İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona qarşı dələduzluq edib. İlham Baxışov isə Aygün Akimova ilə bir neçə epizod üzrə dələduzluq əməllərində iştirak edib.
İstintaq sənədlərinə görə, Afət Hüseynovanın 1 milyon 750 min manat, Sona Əliyevanın 5 min manat, Kamil Abbasovun 2400 manat, Natavan Şahverdiyevanın 35 min manat, Rita Həsənzadənin 28 min 500 dollar, Elçin Axundzadənin isə 39 min manat pulu ələ keçirilib.
Əldə etdiyimiz məlumata görə, bu iş üzrə “AMAY Abdulla” istintaqda şahid kimi ifadə verib. O, Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını deyib.
Məlumat üçün bildirək ki, zərərçəkmiş “Abdulla müəllim” dediyi iş adamı, bir müddət əvvəl həbsdən çıxan “AMAY”ın sahibi Abdulla Abdullayevi nəzərdə tutur.
Hacı Zeynalov