Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov bildirib ki, daşların bir hissəsi "Sahil" MTK-ya verilib.
Zərərçəkmişin vəkili deyib ki, Maşallah Əhmədov daşların əvəzinə MTK-dan iki mənzil alıb: "Bunu Maşallah Əhmədovun oğlunun dilindən eşirətdik və bu barədə istintaqın rəisinə məlumat verdik".
Hakim bildirib ki, tərəflərin dəymiş ziyanla bağlı aralarında razılaşmanın olması mümkün deyil: "Tərəflərin bildirdiyinə görə, daşlar "Sahil" MTK-ya verilib. MTK-da daşlar binada istifadə edilib. Bu səbəbdən təklif edirəm ki, MTK-nın inşa etdiyi binaya baxış keçirilsin".
Maşallah Əhmədov qeyd edib ki, daşlar binanın iki blokuna vurulub.
Yusif Əzizov daş yox, pulunu istədiyini bildirib. Bu zaman Maşallah Əhmədov zərərçəkmişlə mübahisə edib: "Sən 10 min verib, indi də 20 min istəyirsən. Adam kişi olar. Sən görəcəksən…"
Hakim "Sahil" MTK-nın binasında istifadə olunan daşlara baxış keçirilməsi barədə qərar qəbul edilib. Qərarda qeyd edilib ki, baxda hakimlər, zərərçəkmiş və təqsirləndirilən şəxs, onların vəkilləri iştirak edəcək.
Baxış iyunun 2-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib.
Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.