Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Məhkəmədə ittihama münasibət bildirən Vüsal Nemətov özünü təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib.
Hadisəni sərxoş vəziyyətdə törətdiyini deyən Vüsal Nemətov əlavə edib ki, mərhum Fəxri Kərimovla bir müddət əvvəl ədavətləri olub. Eyni qəsəbədə yaşayan şəxslər əvvəllər kafedə mübahisə ediblər: “2013-də ildə dostlarımla kafedə idik. Fəxri də yan masada oturmuşdu. Bizə irad tutdu ki, yavaş deyib-gülün. Mən də cavab verdim ki, kafedə deyib gülərlər. Sözüm ona xoş gəlmədi. Mənə “ağıllı ol” deyib üstümə gəldi. ğ
Durub gedəndə təpiklə məni yerə yıxdı. Yumruq, təpik zərbələri ilə məni döyməyə başladı. Ondan qorxurdular deyə heç kəs yaxın durmadı. Dostlarım axırda zorla məni Fəxrinin əlindən aldılar. Burnum və dişim qırılmışdı. Bu barədə polisə xəbər vermədim. Evə gələndə atam gördü”.
Vüsal Nemətov deyib ki, bundan sonra atsı mərhumun atasının evinə gedib: “Atam Fəxrinin atası Kamalın yanına getdi. Kamal qəsəbədə çox hörmətli kişidir, hacıdır. Atamın məqsədi bizi barışdırmaq idi.
Daha sonra qəsəbədə eşitdim ki, Fəxri deyib məni haradan tutsa döyəcək. 3 il ərzində çalışırdım ki, Fəxri olan yerə getməyim. Onu gördüyüm yerdə, yolumu dəyişirdim”.
Fəxrini öldürməsindən danışan Vüsal Nemətov söyləyib ki, toyda içki içdikdən sonra qisas almaq qərarına gəlib: “Toya getdim, bilmirdim ki, Fəxri də ora gələcək. Çıxıb getmək istəsəyəndə uşaqlar qoymadı. Spirtli içki içməyə başladım. Fəxri toyda da məni qıcıqlandırırdı. Birdən Fəxridən qisas almağı düşündüm. O, peşəkar idmançı idi. Ona gücüm çatmayacaqdı.
Ona tərəf getdim, cibimdən bıçağı çıxarıb bir dəfə vurdum. Ayağa qalxıb yaxamdan tutdu, özüm də bilmədən bir dəfə də bıçaqla vurdum. Məni döyə-döyə restorandan çıxardılar”.
Fəxrini öldürmək məqsədinin olmadığını deyən Vüsal Nemətov hadisədən sonra nənəsigilə getdiyini, gecəni orada qalandan sonra polisə təslim olduğunu bildirib.
Toya cibində bıçaqla getməsi haqda suala cavab verən Vüsal Nemətov bunları deyib: “Bıçağı qəsəbədə tapmışam. Özüm heyvan kəsimi ilə məşğul oluram. Bıçaq həmişə üstümdə olur. Həmin günü də işdən birbaşa toya gəlmişdim. Belə hadisə olacağını bilmirdim. Dəfələrlə Fəxri ilə barışmaq niyyətim olsa da, bu barədə razılıq əldə olunmadı. Əməlimdən peşmanam”.
Mərhum Fəxri Kərimovun atası Kamal Kərimov məhkəmədə ifadə verərək deyib ki, oğlu qəsəbədə sakit və hörmətli uşaq kimi tanınıb:
“Oğlum namaz qılan, oruc tutan uşaq olub. Ailəliklə ibadət əhliyik. Oğlum “Shacman” sürüb, ailəsini dolandırırdı. Özü də peşəkar idmançı idi. Qəsəbədə soruşsanız, hamı mənim oğlumun tərbiyəsindən danışar. Bu cəlladın da necə tərbiyəyə malik olduğunu hamı bilir. Nəşə çəkən, “alkaş”lıq edənin birisidir. Öz atası həmişə deyirdi ki, oğlunun tərbiyəsi yoxdu. Dəfələrlə atasına, xəstə anasına yardım eləmişəm”.
Kamal Kərimovun sözlərinə görə, oğlu dəfələrlə Vüsal Nemətovun atası Vəli kişidən üzr istəyib: “Fəxri oğlunu döydüyü üçün Vəlidən üzr istəyib. Qurban bayramında namazdan sonra da evlərinə gedib, yenidən Vəlidən üzr istəyib. Hadisə günü də evdə idim. Fəxri də toya getmişdi. Qardaşım zəng edib dedi ki, Fəxrini bıçaqlayıblar. Xəstəxnaya çatanda artıq dünyasını dəyişmişdi”.
Təqsirləndirilən Vüsal Nemətovun atası da məhkəmədə şahid qismində ifadə verib. O, oğlunun əməlinə görə vicdan əzabı çəkdiyini, utandığını bildirib:
“Oğlum danışmağa bir üz qoymayıb. Fəxrinin atası hacı Kamal çox hörmətli şəxsdir. Kaş mənim oğlum ölərdi. Gedib dərdimi qıraqda çəkərdim. İndi ürəyim sızıldayır. Hadisədən sonra hacı Kamalının evinə də gedə bilməmişəm. Üzünə baxmağa xəcalət çəkirəm”.
Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Bakının Qobustan qəsəbəsində baş verib. Toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb.
Ağır yaralanan Fəxri Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.
Vüsal Nemətov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) ilə təqsirli bilinir. Mərhum Aşıq Əlinin (Tapdıqoğlu) qohumudur.