19 İyul 2017 11:05
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Samir Nəbiyev əlavə ifadə verib. Prosesdə tərəflərin vəkilləri arasında mübahisə yaranıb.

Hakim hər iki tərəfin vəkilinə xəbərdarlıq edib, onlara prosesdə səs-küy salmamağı tapşırıb.

Daha sonra Samir Nəbiyev ifadə verməyə başlayıb:

"Əlikram Camalovla mağazada tanış olmuşuq, mənim daimi müştərim olub. Özü deyirdi ki, mən filankəslərə pul vermişəm. Mən də pul istədim. Ondan 18 min manat aldım, dedim, hər ay pulun 10 faizini verəcəm. Buna görə ona 5 min manat faiz ödəmişəm. Sonra da 2500 dollar aldım, buna da 1500 dollar sələm vermişəm".

Təqsirləbdirilən şəxsin sözlərinə görə, devalvasiyadan sonra Əlikram Camalov onu ofisə çağırıb və pulu tam verməyi tələb edib: "Dedim imkanım yoxdu. Əlikram müəllim dedi, manatı dollara çevirirəm, məcbur olub razılaşdım. Sonra mənim biznesim iflas etməyə başladı, Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götür. Razılaşmadı, dedi pulumu nağd ver. Sonra mən mağazanı başqa yerə köçürdüm, yenə mal təklif etdim, istəmədilər. Bir müddət sonra atam rəhmətə getdi, yas verirdim, Əlikram müəllim polislə gəlib məni yasdan apardı, ifadəmi verdim. Sonra Bakıda qala bilməyib rayona köçdüm. Polisə də zəng edib dedim ki, heç yerə qaçmamışam, amma ödəyə bilmirəm. Borcumu qəbul edirəm, işlə təmin etsin, ödəyim. Yavan çörək versin, qapısında işləyim".

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Çıxış üçün prokurora söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses iyulun 26-da davam edəcək.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etmək istəyib. Əvəzində qazancın yarısını ona verməyi vəd edib. Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək, Əlikram Camalova qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər