Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, Asif Əsədullazadənin apelyasiya şıkayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
İttiham aktına əsasən, Asif Əsədullazadə “Badi-Kübə” MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev almaq təklif edib. O, alıcılarla müqavilə də bağlayıb.
Lakin binanı tikməyib və ümumilikdə 29 nəfərin pulunu mənimsəyib. Asif Əsədullazadə 29 vətəndaşa 31 ev satmaqla 860 min 90 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Əsədullazadə 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq Asif Əsədullazadənin həbs edilməsini tələb edib.
Bakı Apelyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Asif Əsədullazadənin işi üzrə qərar açıqlanıb. Qərara görə, Baş Prokurorluğun şikayəti qismən təmin edilib. Məhkəmə Asif Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə cəza təyin edib. O, məhkəmə zalındaca həbs edilib.
Həmin qərardan narazı qalan Baş Prokurorluq kasasiya protesti verərək, Asif Əsədullazadənin həbs edilməsini istəyib. Ali Məhkəmədə işə baxan hakimlər onun işi üzrə çıxarılan qərarı ləğv edib və işin yenidən apellyasiya instansiyasında araşdırılması təklif edilib.
Bu dəfə Asif Əsədullazadənin apelyasiya şikayəti üzrə prosesə Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə prokurorluğun şikayəti üzrə qərar elan edilib.
Qərara əsasən, Asif Əsədullazadənin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric olunub. Məhkəmə Asif Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Ona təyin edilmiş cəza əvvəllər həbsdə olduğu müddətə hesablanıb və buna görə də o, məhkəmə zalından azadlığa buraxılıb.
Daha sonra prokurorluq kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə hökm və tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd edək ki, Asif Əsədullazadənin oğlu Türkel 2012-ci il iyunun 5-də, saat 15.00-da Yeni Günəşli qəsəbəsində yerləşən “Badi-Kübə” Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb, MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə yaralayıb. Cinayətin baş verməsinə səbəb Ədalət Qəmbərovla Asif Əsədullazadənin arasında olan mülk mübahisəsi olub. Bu qanlı cinayət hadisəsi baş verəndən sonra MTK-da külli miqdarda dələduzluq faktı aşkarlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Türkel Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum olunub.