4 Avqust 2017 18:49
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Vidadi Əzizovun ölkədə olmadığı və məhkəməyə gələ bilmədiyi elan olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Fazil Nehmətov müdafiə çıxışı edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son sözlə çıxış edən təqsirləndirilən M.Əsgərov günahsız olduğunu və ittihamları qəbul etmədiyini söyləyib. Sabiq MTN polkovniki barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Hakim heyəti müşavirəyə yollanıb. Avqutsun 7-də hökm elan ediləcək.

Qeyd edək ki, dövlət ittihamçısı Vüqar Quliyev Mirəziz Əsgərovun 5 il azadlıqdan məhrum edilməsini təklif edib. O, zərərçəkmiş Vidadi Əzizovun Azərbaycan dövlətinə qarşı qaldırdığı 1 milyon 200 min manat mülki iddianın təmin olunmamasını, Mirəziz Əsgərova qarşı isə 193 min manat dəyərində mülki iddianın isə baxılmamış saxlanılmasını istəyib.

İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.

Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər