24 Avqust 2017 15:41
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1999-cu ildə adam oğurluğunda təqsirli bilinən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və dəstənin əvvəllər məhkum olunmuş üzvləri ifadə veriblər.

İttihama görə, Məzahir Süleymanovun da daxil olduğu dəstənin üzvləri 17 il əvvəl mühakimə olunublar. Dəstə üzvləri l5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar.

Məzahir Süleymanov isə ölkədən qaçaraq istintaqdan yayınmağı bacarıb. Bu səbəbdən onun mühakiməsi həmin dövrdə baş tutmayıb.

Dəstə başçılarından biri kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşov olub. Oğurlanan Tofiq Hüseynovun qardaşı Məmmədmirzə Hüseynov o zaman “Binə” yarmarkasının sahiblərindənmiş.

İstintaq sənədlərinə görə, Məzahir Süleymanov və dəstənin digər üzvləri 1999-cu ildə Bakı şəhər sakini Tofiq Hüseynovun oğurlayıb, ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi barədə plan hazırlayıblar. Planı quran dəstə üzvləri həmin zaman həbs olunublar.

Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev və digərləri də həmin il istintaqa cəlb ediliblər.

Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

İş adamı Məmmədmirzə Hüseynovun qardaşı Tofiq Hüseynovun oğurlanması üçün ediləcək silahlı basqına hazırlıqla əlaqədar Ülfət Xudiyev təşkilatçı kimi Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Mübariz Azayev və Müslüm Yəhyayevlə birlikdə bandanınn digər üzvləri ilə telefon əlaqələri, şəxsi görüşlər vasitəsi ilə apardıqları müzakirələrdən sonra vəzifə bölgüsü aparıblar.

Plana əsasən, Tofiq Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu Vidadi Qasımov, Yaşar Cəfərov və Tanrıverdi Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib.

Daha sonra dəstənin 4 üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurub. Onlar “VAZ- 2107” markalı maşında Tofiq Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər.

Tanrıverdi Süleymanov “VAZ- 2107”-də olan Yaşar Cəfərova zəng edib və Tofiq Hüseynovun “Mercedes 230” markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsində, Xəqani küçəsinin girəcəyində, Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib. Dəstə üzvləri Tofiq Hüseynovun maşınını əhatəyə alıb. Yaşar Cəfərov əlində olan tapançanı Tofiq Hüseynovun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib.

Bu zaman Tofiq Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Dava zamanı Tofiq Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. Tofiqin əl-ayağını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər. Onu oğurlayan digər dəstə üzvləri Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evlərinə gətiriblər.

13 gün müddətində bu ünvanda saxlanılan Tofiq Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib.

Məzahir Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan Tofiq Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində Tofiq Hüseynov dəstə üzvləri tərəfindən döyülüb.

Tofiq Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu dəstə üzvləri tərəfindən ələ keçirilib. Tofiq Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb.

Elyar Həsənov Məmmədmirzə Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün pul tələb edib. Tələb olunan məbləğ 1 milyon 500 min dollar olub.

İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış.

Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyta zamanı həbs ediliblər.

Cinayət işi üzrə şahid qismində ifadə verən Mübariz Azayev bildirib ki, törətdiyi əmələ görə 14 il həbs cəzasına məhkum edilib. O, təqsirləndirilən şəxsi tanımadığını deyib.

Mübariz Azayevin sözlərinə görə, uzun illər güləşlə məşul olub, həbsdən çıxdıqdan sonra da güləş müəllimi işləməyə başlayıb.

Digər şahid Nizami Qasımov qeyd edib ki, bu əməli törətdiyi üçün 5 il həbsxana həyatı yaşayıb. O, nə özünün, nə də bu işə görə həbs edilən qardaşı Vidadi Qasımovun günahı olduğunu deyib.

Nizami Qasımovun sözlərinə görə, bu işdə adı keçən Yaşar Cəfərov qardaşının dostu olub: “Yaşar bir neçə gün yaşamaq üçün qardaşımdan ev istəyib. Qardaşım da mənim Keşlədə olan evimin yerini ona göstərib. Onlar da həmin evdə oğurlanan şəxsi saxlayıblar. Qardaşım və mən bu işdən xəbərsiz olmuşuq”.

Daha sonra hazırda Respublika Klinik Xəstəxanasında cərrah işləyən professor Sahib Hüseynov ifadə verib. O, deyib ki, oğurlanan Tofiq Hüseynovun gizli saxlanıldığı evə gedərək onu müalicə edib. Sahib Hüseynov bildirib ki, bu səbəbdən barəsində cinayət işi açılsa da, sonradan bu işə xitam verilib.

Cərrah deyib ki, Tanrıverdi adlı həkim dostu ona zəng edərək bir nəfər xəstə olduğunu və ona baxmasını xahiş edib: “Mən dedim ki, xətəxanaya gətirsinlər. Amma bildirdilər ki, xəstəxanalıq bir şey yoxdur. Sonra məni həmin evə apardılar. Gecə olduğundan hər yer qaranlıq idi. Xəstəyə baxanda ağır xəsarəti yox idi. Amma daxildə nəsə probleminin olacağından ehtiyat etdiyim üçün onun xəstəxanaya aparılmasını məsləhət gördüm. Amma onun xəstəxanaya aparılıb-aparılmamasını bilməmişəm”.

Sahib Hüseynov bildirib ki, Tofiq Hüseynovun yanına gedərkən əllərinin və ayaqlarının bağlı olduğunu görməyib: “Tofiq Hüseynovun oğurlanması, işgəncə görməsi ilə bağlı mənə heç bir söz deməyiblər. Orada olan vaxtı zərərçəkmişin özü də bu barədə mənə bir söz deməyib.

Proses gələn həftə davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər