Ağdam rayonunun Qaradağlı kəndində qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, kənd sakini Səxavət Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Ağdam rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Nahid Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Hər iki şəxs hadisə zamanı içkili olublar. Yeyib-içəndən sonra biri-birləri ilə şit zarafat ediblər. Zarafat mübahisəyə, sonra da əlbəyaxa davaya çevrilib. Dava zamanı Nahid Qasımov kafedə olan stolun üstündəki araq butulkasını kəndlisinin başına çırpıb.
Zərbənin təsirindən Səxavət Cəfərov yerə yıxılıb. Bu zaman Nahid Qasımov ona çoxsaylı bıçaq zərbələri vurub.
Faktla bağlı cinayət işi başlanıb.