Goranboy rayonunda 1 nəfərin ölümü, 4 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın daha iki iştirakçısı məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovun qətlində, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hatəmi və Nicat Əliyevə isə xəsarət yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Marketə hücum çəkənlər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar.
Bıçaqlanan şəxslərdən biri - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.
Goranboy rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Ürfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov saxlanılıblar.