10 Yanvar 2018 16:33
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Elsevər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Göyçay rayonun Mallı-Şıxlı kənd sakini Elsevər Xəlilov taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ 21099” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Ərəbşahverdi kənd sakini 23 yaşlı Sənan Ağarəhimovu vurub.

Ağır xəsarətlər alan piyada Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq araşdırması zamanı məlum olub ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Elsevər Xəlilov günahkar bilinib. O, hadisə zamanı avtomobili sürücülük vəsiqəsi və hüququ olmadan idarə edib.

Elsevər Xəlilovun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər Xəlilov 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Elsevər Xəlilov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Elsevər Xəlilovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Elsevər Xəlilovun apelyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 5 ilə endirilib, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.


Müəllif: Hacı Zeynalov