Bu gün Xaçmaz rayon Məhkəməsində Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı həbs olunan Xudat şəhər sakinləri Aslan Hacıməmmədkərimov, obyektin icarədarı İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevin məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramiz Əhmədov 7 il, Firodvsi İbrahimov 4 il, Rəşad Zərbəliyev 4 il və Aslan Hacıməmmədkərimov 4 il müddətində azadlıqdan məhrum edilib.
Məhkəmə Ramiz Əhmədovun və CTF şirkətinin zərərçəkmişə 70 min manat ödəməsi barədə qərar çıxarıb. Eyni zamanda, məhkəmə Ramiz Əhmədovun dövlət büdcəsindən yayındırdığı 2551.72 manat dövlət büdcəsinə ödənilməsi barədə də qərar qəbul edib.
Qeyd edək ki, hadisə ilə bağlı 4 nəfərin - Xaçmaz rayonu, Xudat şəhər sakinləri Aslan Hacıməmmədkərimov, obyektin icarədarı İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevin barələrində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, ötən il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ. Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.
Hacı Zeynalov