Gədəbəy rayonunda dəhşətli qətl və quldurluq hadisəsi törətməkdə təqsirli bilinən 24 yaşlı Babək Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon sakini Babək Məmmədovun barəsində toplanmış cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.
İttihama görə, ötən il avqustun 5-də naməlum şəxs Gədəbəy rayonunun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib.
Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus “Nokia” markalı telefonu götürərək hadisə yerini tərk edib.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini rayonun Qasımlı kənd sakini Babək Məmmədovun törətdiyi müəyyən olunub və o, polis əməkdaşları tərəfindən tutulub.
Avqustun 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə Babək Məmmədov barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
İlkin təhqiqat zamanı Babək Məmmədovun rayon ərazisində daha bir analoji hadisə və bir qəsdən adam öldürmə cinayəti törətməsi də müəyyənləşdirilib.
Belə ki, 2016-cı il noyabrın 26-da gecə vaxtı Babək Məmmədov pəncərədən keçməklə rayonun Köhnəqışlaq kənd sakini Müşgünaz Məmmədovanın yaşadığı evə daxil olaraq onu bıçaqla hədələyib və pul tələb edib. O, evdən əlli manat pul, həmçinin evin sahibəsinə məxsus pensiya kartını quldurluq yolu ilə ələ keçirib.
Təqsirləndirilən şəxs Babək Məmmədov istintaqa ifadəsində 2016-cı il dekabrın 13-də rayonun Qasımlı kənd sakini, 71 yaşlı Səmayə Məmmədovanı yaşadığı evin həyətində tamah məqsədilə qətlə yetirdiyini də etiraf edib.