Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə Gündüz Hüseynov vəsatət verərək Aslan Ağayev və Emin Poladovun əlavə şahid qismində dindirilməsini istəyib.
O bildirib ki, zərərçəkmişlərdən aldığı pulları Aslan Ağayevə verib. Onun sözlərinə görə, Aslan Ağayev onu odlu silahla hədələyib, bu barədə heç kimə məlumat verməməsini tələb edib.
Məhkəmə vəsatətin Emin Poladovla bağlı olan hissəsini təmin etməyib. Hakim bildirib ki, vəsatətdə adı göstərilən şahid əvvəlki iclaslarda ifadə verib.
Aslan Ağayevin əlavə şahid qismində dindirilməsi barədə vəsatət baxılmamış saxlanıb. Hakim bildirib ki, şahidlə bağlı məlumatlar vəsatətdə tam göstərilməyib.
Növbəti proses aprelin 10-da davam edəcək.
İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.