10 Aprel 2018 13:47
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və narkotik tərkibli dərman gətirməkdə ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ravidin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ravidin Əhmədov 29 yanvar 2017-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq 20,005 qram tiryəki, eləcə də tərkibində güclü təsir edən maddənin miqdarı 80 qram təşkil edən, 400 ədəd həb “T-doll 200 mq” göstəricili tramadol dərman preparatını isə satış məqsədi ilə əldə edib.

O, tiryəki şəffaf sellofan bükümdə qablaşdıraraq düz bağırsağında, tramodol dərman preparatını isə ərzaq məhsulları və şəxsi geyim əşyalarının altına yerləşdirib.

Sonra həmin narkotik tərkibli dərmanı idman çantasının içərisində gizlədib. Narkotik tərkibli dərmanları həmin gün saat 20.30-da Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” postundan gizli yolla keçirib.

İstintaq orqanı tərəfindən Ravidin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə külli miqdarda qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravidin Əhmədov 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin onun tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan Ravidin Əhmədov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmədə çıxış edən Ravidin Əhmədov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil: “Məndə aşkar olunmuş dərmanlar şəxsi istifadəm üçün nəzərdə tutulub. Heç bir satış məqsədim olmayıb. Həmin dərmanları Azərbaycanda da apteklərdən almışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İrana qonaq gedərkən orada həmin dərmanlar ucuz olduğu üçün şəxsi istifadəsi üçün alib: “Azərbaycana qayıdarkən gömrük məntəqəsində saxlanılmışam. Üzərimə baxış keçirilərkən mənə məxsus əl çantasından dərman preparatları götürülüb. Mən xəstəyəm, həmin dərmanları öz şəxsi istifadəm üçün əldə etmişəm”.

Ravidin Əhmədov apelyasiya şikayətinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünün dəyişdirilməsini, barəsində daha aşağı həddə cəza təyin olunması haqqında qərar çıxarılmasını xahiş edib.

Dövlət ittihamçısı Zəfər Ramazanov apelyasiya şikayətinin dəlillərini əsassız hesab edib. O, bildirib ki, Ravidin Əhmədovun əməli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkəmə tərəfindən düzgün tövsif olunub.

Hakimlər heyəti Ravidin Əhmədovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər