Balakən rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü kənd sakini Raman İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Raman İbadovun barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə onun cinayəti törədən zaman anlaqsız vəziyyətdə olması qənaətinə gəlib. Raman İbadovun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlər tətbiq edilməsi barədə qərar qəbul edilib.
İttihama görə, Balakən rayonunun Qullar kəndində Raman İbadov evdə 1987-ci il təvəllüdlü həyat yoldaşı Esmira İbadova ilə mübahisə edib.
Mübahisə zamanı Raman İbadov həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı ailə üzvlərinin köməyi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Raman İbadovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.