Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Emin Ramazanov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunan Emin Ramazanovun həbs müddəti daha 2 ay artırılıb.
Bu barədə Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan qapalı iclasda qərar qəbul edilib.
Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib.
Martın 21-də Tarıyel Həmzəyev xəstəxanada ölüb.
12-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə Tarıyel Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin Ramazanov saxlanılıb.
Məlum olub ki, onlar hadisədən əvvəl yeyib-içiblər. Daha sonra sərxoş olan şəxslərin arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.
Hazırda Sabunçu rayon Prokurorluğunda cinayət işi üzrə istintaq hərəkətləri davam edir.