19 Dekabr 2018 11:45
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində İsmayıl Cəfərov ifadə verib.

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxsi tanımır, “Sahil-D” şirkətindən mənzili 2011-ci ildə alıb: "Məzahir Cəfərovla görüşdüm, hissə-hissə 50 min manat ödədim. Sonradan məlum oldu ki, o mənzil məndən başqa 2 nəfərə satılıb. Ancaq bu barədə məni narahat edən olmayıb və hazırda həmin mənzildə yaşayıram”.

Təqsirləndirilən Sahib İbrahimov da zərərçəkmişi tanımadığını söyləyib.

Digər zərərçəkmiş Eldəniz Cəfərov bildirib ki, “Sahil-D” şirkətindən kvadratı 1200 manatdan aldığı evi sonradan dostunun qohumuna satıb: “2016-cı ildə evi məndən alan şəxs şikayət etdi ki, mənzil başqa bir adama da satılıb. Mən isə buna inanmadım, araşdırdım, Məzahirlə görüşdüm. O da dedi ki, problem yaranıb, həll ediləcək. Sonra bu problem aradan qalxdı”.

Zərərçəkmiş təqsirləndirilən Sahib İbrahimovu tanımadığını, ona qarşı hər hansı şikayəti olmadığını söyləyib.

Hakim Ramella Allahverdiyeva bəzi zərərçəkmişlərin məhkəməyə gəlmədiyini deyib. Hakim onlar haqqında məcburi gətirilmə qərarı çıxarılacağını açıqlayıb.

Növbəti proses dekabrın 26-da davam edəcək.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 2 milyon manat ziyan dəyib.

Sahib İbrahimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Sahib İbrahimov rəhbərlik etdiyi tikinti şirkətinə müraciət edən vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunur.

İstintaq dövründə Sahib İbrahimov tərəfindən zərərçəkmişlərə dəymiş ziyanı ödənilib.

Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər