Bakıda qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə yanvarın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə Nərimanov rayonunun Əliyar Əliyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Cəsarət İsgəndərov qayınanası Fəhminə İsgəndərovanı ürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra o, həyat yoldaşı Leyla İsgəndərovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində törədilib.
Avqustun 29-da axşam saatlarında Leyla həyat yoldaşı ilə mübahisə edib. Bunun eşidən Fəhminə qızını öz yaşadığı evlərinə çağırıb. Həyat yoldaşının ata evinə getdiyini eşidən Cəsarət İsgəndərov əsəbləşib və o da həmin evə yollanıb.
Orada mübahisə edən Cəsarət İsgəndərov sonda ağır cinayəti törədib.
Cəsarət İsgəndərov hadisə yerindən qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanması mümkün olub. İstintaqa ifadəsində hadisəni törədərkən sərxoş olduğunu və əməlindən peşman olduğunu da söyləyib.
Cəsarət İsgəndərovun Leyla ilə birgə nikahından 3 aylıq qızı var.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bir neçə gün əvvəl arvadı ilə mübahisə edib, arvadı evdən gedib: “Mən onu evə aparmaq üçün arxasınca gəldim. Amma məni içəri buraxmadılar. Qayınanam dedi ki, qapını açma, içəri girməsin. Mən də məcbur qalaraq pəncərədən içəri girdim. Məqsədimi bilmədən mənim içəri girməyimə mane olmaq istədilər. Bəlkə barışmağa gəlmişdim?..”
Cəsarət İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.