Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Vidadi Əliyev ifadə verib.
Məhkəmədə elan olunub ki, bir gün ərzində “AGbank”ın Xətai filialından 10 milyon manat pul köçürülüb.
Vidadi Əliyev bildirib ki, işi bankın ofisində pul saymaq olub.
Daha sonra şahid qismində ifadə verən Arzu Əsgərova deyib ki, 2009-2014-cü illər arasında "Röyalbank"da çalışıb.
Kənan Orucov qeyd edib ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb, hazırda sınaq müddəti başa çatıb.
Kənan Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib. O, təqsirləndirilən şəxləri tanımadığını deyib: "Bankda bir neçə min firma əməliyyat aparıb. Konkret bu şəxslərin banka pul gətirdiklərini xatırlamıram".
Kənan Orucov qeyd edib ki, pul kassaya təhvil veriləndən sonra sənədlərə qol çəkilib: "Bankdan 20 min manatdan artıq pul köçürülən zaman baş ofisə məlumat verilir".
Məhkəmədə elan olunub ki, 2013-2015-ci illər arasında Beynəlxalq Bankdan Rüfət Vəliyevin adına olan 5 şirkət vasitəsi ilə ölkədən xarici bank hesablarına 356 milyon dollardan çox pul köçürülüb.
Kənan Orucov həmin pulların ölkədən leqal şəkildə çıxarılandan sonra Azərbaycana hansı malların gətirilib-gətirilməməsindən xəbəri olmadığını deyib.
Növbəti proses martın 6-da davam edəcək.
İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib.
Malik Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.
Rüfət Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.
Azər Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.
Malik Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.
Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.
Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konvertasiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.
Ülkər Nəbiyev və Arzu Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri, köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, Malik Əliyevə təqdim ediblər.
Rüfət Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün Malik Əliyevlə Vidadi Əliyevə təqdim edib.
Bu qayda ilə Malik Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.
Xatırladaq ki, Malik Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işində adı çəkilən şəxslərin barəsində isə ayrıca icraatda araşdırma aparılır.