Azərbaycanda ömrünün yarıdan çoxunu həbsxanada keçirən məhkum Zəkavət Məmmədov danışıb.
Teleqraf.com-un xəbərinə görə, ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında məhkum Zəkavət Məmmədovun həyat hekayəsini yayımlayıb.
Zəkavət Məmmədov qeyd edib ki, sonuncu dəfə 13 il cəza alıb, ümumilikdə 30 il həbsxana həyatı yaşayıb.
Onun sözlərinə görə, 15 yaşımda qarmon oğurlayıb:
"İlk cəzam idi. Sonra ərəblərdən mal aldım, paltar-filan. O vaxt icazə yox idi, tutuldum. Ukraynada bir qadının evindən oğurluq etmişdim, o işin də üstü açıldı. Təhlükəsizlik xidmətinin işçisi olduğunu sonradan bildim. İşlədiyim yerə bir nəfər gəldi. Onu şantaj etdim. Şikayət etdi, tutuldum. 7 il cəza aldım. Daha sonra şərab zavodundan bir “TIR” dolusu şərab oğurladım.
Dedi, sata bilərsən? Dedim, əlbəttə, aldatdım. Bu da bir incəsənətdir, onu bacarmaq lazımdır. Məni də kimsə aldada bilər. Atam xərçəng xəstəsi idi. Çıxmağıma 4 il qalmışdı, əmim oğlunu çağırdım bütün sənədləşmə işlərini ona tapşırdım ki, evi satsın, mənə pul lazım idi. O da evi satdı, məni aldatdı.
Çıxanda evsiz qaldım. Atam bir il yataqda yatıb, mən onu görə bilmədim. Ona baxan da olmadı. Öz qardaşı dəfn edib. Növbəti cinayətimin nəticəsi də buradır. Yenə həbsdəyəm. Heç kimi günahlandırmıram. Qismətimdir, mən də bu həyatı yaşayıram. Seçim etməmişəm, bu həyatın gedişatıdır. Buradan çıxım yaxşıca gəzib, dincələcəm”, - deyə məhkum vurğulayıb.