12 Mart 2019 15:55
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.

Məlum olub ki, Günay Seyfullayevanın əməllərindən idarəyə bir neçə qadın müraciət edib. Zərərçəkmiş qadınların müraciəti araşdırılıb, onun törətdiyi əməllər təsdiq olunub.

Bildirilir ki, Günay Seyfullayeva Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada onları kişi müştərilərlə görüşdürüb, gəlir əldə edib.

Məlum olub ki, Günay Seyfullayeva maddi imkanı zəif olan azərbaycanlı qadınları Türkiyədə xadimə işinə düzəltmək adı ilə aldadıb. O, həmin qadınları Türkiyəyə aparıb, orada rəsmi sənədlərini əllərindən alıb və sənədləri cıraraq məhv edib.

Sonra həmin qadınları mütəşəkkil dəstənin digər üzvlərinə verib.

Mütəşəkkil dəstənin digər üzvləri həmin qadınları zorla müxtəlif ünvanlarda kişi müştərilərlə pul müqabilində görüşdürüblər.

Günay Seyfullayevaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər