Bakıda ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Tünzalə Vəliyevanın cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tünzalə Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il oktyabrın 7-də Bakının Sabunçu rayonunda 23 yaşlı Tünzalə Vəliyeva mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb.
Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb.
Məlum olub ki, qətl hadisəsi törədilən zaman Nazim Vəliyev sərxoş olub. Fəhlə işləyən Nazim oktyabrın 7-də axşam evə sərxoş gəlib, arvadını döyüb. Bundan sonra onların arasında mübahisə yaranıb, mübahisə qətllə nəticələnib.
Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.