5 İyun 2019 10:34
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti idarə heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, daha sonra onların apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.

Məlum olub ki, hər iki təqsirləndirilən şəxs barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Məhkəmə baxışı iyunun 12-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Soltanməcid Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Çingiz Şıxəliyev barəsində isə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin olunub.

Soltanməcid Əzizov və Çingiz Şıxəliyev Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İttihama görə, ötən il oktyabrın 4-də, saat 12.00-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Soltanməcid Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Çingiz Şıxəliyev də saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər