15 İyul 2019 16:50
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zaur Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Stil” gözəllik salonunda 1978-ci il təvəllüdlü paytaxt sakini Aynur Rzayeva bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisəni Aynur Rzayevanın keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Zaur Rzayev törədib.

Hadisəni törədən şəxs saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, Zaur Rzayev keçmiş arvadı ilə barışmaq istəyib. Amma Aynur Rzayeva barışmaqdan imtina edib. Onların arasında mübahisə yaranıb, mübahisə sonda qanlı cinayətlə nəticələnib.

İstintaq orqanı tərəfindən Zaur Rzayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov