Sabirabad rayonunda iki nəfəri öldürməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Firqət Əliyevin məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Firqət Əliyev uzaq qohumu Teymur Sadıqovu başqa şəxslərin yanında dalınca xoşagəlməz sözlər danışması və qardaşı Cabir Əliyevin qaynı Kamran Yaqubovu uydurduğu bəhanə ilə heç bir səbəb olmadan öldürmək qərarına gəlib.
12 may 2018-ci ildə saat 9 radələrində bıçağı götürüb, Teymur Sadıqova zəng vurub. Teymur Sadıqovun mühafizəçi işlədiyi Sabirabad rayonu, Axtaçı kəndindəki pambıqtəmizləmə zavodunda növbədən çıxıb evə qayıtdığını öyrənib.
Özünün “Qazel” markalı maşını ilə zavodun inzibati binası qarşısında dayanaraq Teymurun gəlməsini gözləyib.
Təxminən saat 9.30-da Teymur Sadıqovun küçə ilə piyada evinə tərəf gəldiyini görüb. Firqət Əliyev maşından düşərək ona yaxınlaşıb, “niyə mənim arxamca danışmısan” deyə soruşub.
Teymur Sadıqov belə bir hərəkət etmədiyini bildirib. Buna baxmayaraq, heç bir səbəb olmadan yumruğu ilə Teymur Sadıqovun sifətinə və üstündə saxladığı bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Teymur Sadıqov aldığı zərbələrin təsirindən dizi üstə yerə çöküb və yalvararaq onu öldürməməyi xahiş edib. Buna əhəmiyyət verməyən Firqət Əliyev bıçaqla təkrar Teymur Sadıqovu vurub.
Teymur Sadıqov aldığı çoxsaylı zərbələrdən hadisə yerində ölüb.
Bundan sonra Firqət Əliyev Kamran Yaqubovun Saatlı rayonununda yerləşən “Sarıcalar” stansiyasındakı sexdə işdə olduğunu bilib. Onu öldürmək məqsədilə saat 10 radələrində həmin sexin ərazisinə gedib.
Kamran Yaqubov xidməti otağın pəncərəsindən Firqət Əliyevi görüb, onun yanına gəlib.
Firqət Əliyev ondan da eyni qaydada “niyə mənim arxamca danışmısan”deyə soruşub. Kamran Yaqubovsa onun arxasınca danışmadığını söyləyib.
Firqət Əliyev bıçağı çıxararaq Kamran Yaqubova qəfil zərbələr endirib. Ürək nahiyəsindən aldığı zərbədən Kamran Yaqubov hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Firqət Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firqət Əliyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Firqət Əliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının müddətli cəza ilə əvəz olunmasını istəyib.
Firqət Əliyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Şikayət təmin olunmayıb.