Bakıda silahlı basqınlar törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 30-na təyin edilib.
İttihama görə, ötən ilin noyabrın sonlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edilib.
Naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər.
Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıblar.
Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.
İstintaq araşdırması zamanı təqsirləndirilən şəxslərin daha bir neçə silahlı quldurluq hadisələri törətmələri məlum olub.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.