20 Aprel 2020 16:37
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Universitetinin fiziki tərbiyə və çağırışaqədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Ələddin Məmmədov, həmin kafedrada laborant vəzifəsində işləyən Elmir Qasımov, İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Tofiq Hümbətov, Azər İmamquliyev, Mehralı Yusifov, Cəmilə Hacıyeva və Sevinc Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyindən və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta ixtisas müəssisələrini qəbul hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiqləyən rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.

Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin fiziki tərbiyə və çağırışaqədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfərin adına müxtəlif ali və orta texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkarlanaraq götürülüb.

Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, şəxsi avtomobilində axtarış zamanı 62 nəfərin adına müxtəlif ali və orta texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar edilib.

Eyni zamanda, əməliyyat-istintaq qrupu tərəfindən həmin cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncədə yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filiallarının, həmin İnstitutun ümumi şöbəsinin, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kollecinin, Göyçay Dövlət İdarəetmə və Texnologiyalar Kollecinin, Azərbaycan Kooperasiya Universitetinin, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbinin, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutunun, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkarlanaraq götürülüb.

Həmçinin həmin ünvanda axtarış zamanı aşkarlanan saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, “LG” markalı monitor, “Raimb” markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlüyü, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlüyü, 2 yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülüb.

Baş İdarə tərəfindən həmin ünvanlarda aparılmış axtarışlar nəticəsində toplanmış ilkin sübutlarla, habelə aparılmış ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilib ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparıblar.

Cinayətkar qrup üzvləri arasında aparılmış bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə qanunsuz hazırlanması, saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra ediblər.

Habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçiriblər.

Aparılmış istintaqla müəyyən edilib ki, Ələddin Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri rəsmi sənəd olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarında təhsilə dair diplomların məzmununa bilə-bilə yalan məlumatlar daxil edib qanunsuz hazırlayaraq həqiqi diplom kimi təqdim etməklə, Biləsuvar rayon sakini Vidadi Babayevin yaxın qohumu Hikmət Babayevin həmin ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul edilməsinə yalandan vəd verərək buna görə Vidadi Babayevə məxsus 5850 manat məbləğində pul vəsaitini ələ keçiriblər.

Dəstə üzvləri, həmçinin eyni niyyətlə Bakı şəhər sakini Mövlud Cəfərovun yaxın qohumu Şahin Cəfərlinin Xarkov Mülki Müdafiə Akademiyasının diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirməklə buna dair rəsmi şəhadətnamənin alınmasına kömək göstərilməsinə yalandan vəd verərək, Şahin Cəfərlinin adına olan diplomun Təhsil Nazirliyində təsdiq olunmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdikləri rəsmi sənəd olan saxta şəhadətnaməni qanunsuz hazırlayıb Mövlud Cəfərova veriblər. Bundan sonra Şahin Cəfərlinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzəldəcəklərinə inandıraraq bütün bu qanunsuz xidmətləri qarşılığında Mövlud Cəfərova məxsus 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölüblər.

Aparılmış istintaqla həmçinin müəyyənləşdirilib ki, mütəşəkkil dəstənin üzvləri cinayətkar niyyətlərinə uyğun olaraq, Tərtər rayon sakini Müseyib Aslanovun yaxın qohumu Qaratel Aslanzadənin Gəncə Dövlət Universitetinə ali təhsil alması üçün tələbə qismində qəbul olunmasında qəbul etdirəcəklərini yalandan vəd verərək, Müseyib Aslanova məxsus 3 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək bölüşdürüblər.

Mütəşəkkil dəstə halında etdikləri həmin qanunsuz hərəkətləri ilə həmin şəxslərin rəsmi sənədləri saxtalaşdırmaqla vətəndaşlara qarşı dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Ələddin Məmmədov, Azər İmamquliyev, Elmir Qasımov və Tofiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Onlara Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən törədilməklə dələduzluq), 32.4-cü, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1-ci (hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər