Gəncə şəhərində 17 yaşlı oğlanı öldürməkdə təqsirli bilinən Elgün Məmmədovun cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.
Teleqraf.com-un xəbərinə görə, istintaq orqanı tərəfindən Elgün Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Elgün Məmmədovun barəsində seçilmiş həbs qıtimkan tədbirinin müddəti 1 aya qədər artırılıb.
İttihama görə, ötən il oktyabrın 22-də Gəncə şəhəri Bağmanlar qəsəbəsində “Xan Arxı” adlanan çayxanada mübahisə zəminində 2002-ci il təvəllüdlü Əzim Verdiyev ürəyindən bıçaqlanaraq öldürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, qətli 10-cu sinif şagirdi Elgün Məmmədov törədib.
Hər iki şəxs bir ərazidə qalır və onların uşaqlıqdan münasibətləri olub. Hadisə baş verən gün isə öldürülən Əzim Verdiyevin Elgün Məmmədovun əmisi oğlu ilə mübahisəsi düşüb.
Ətrafdakı insanlar tərəfləri bir neçə dəfə ayırıb.
Buna baxmayaraq mübahisə davam edib.
Bu zaman Elgün Məmmədov bıçaqla Əzim Verdiyevin ürək nahiyyəsinə zərbə endirib.
17 yaşlı yeniyetmə xəstəxanaya aparılsa da yolda keçinib. Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən Elgün Məmmədov tutulub.
İstintaq davam edir.