Bakının Sabunçu rayonunda bibisini öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin barəsində bir neçə maddə ilə ittiham elan edilib.
Teleqraf.com-un xəbərinə görə, Sabunçu rayon Prokurorluğunda istintaqı aparılan Orxan Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanı tərəfindən Orxan Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Sabunçu rayon Məhkəməsinə vəsatət verilib.
Hakim Əşir Səmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.
Orxan Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər uzadılıb.
Qeyd edək ki, bu ilin iyulunda Orxan Allahverdiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
İttihama görə, bu ilin iyulun 17-də saat 17 radələrində Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sabunçu rayon Prokurorluğunda istintaq davam edir.