Yevlax rayonunda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan 1979-cu il təvəllüdlü Ramil Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ramil Yusifov Yevlax rayonu Aşağı Bucaq kəndində ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq yaşadığı qayınanasına məxsus evin qarşısındakı küçədə Pərviz Rüstəmzadənin maşınını palçıqlı yolda idarə etməkdə çətinlik çəkdiyindən ona kömək etmək istədiyini bildirib.
Pərviz Rüstəmzadə Ramil Yusifovun nalayiq söyüşlər söyüb, yumruqla onun ağız nahiyəsindən vurub.
Ramil Yusifov yaşadığı evin həyətyanı torpaq sahəsinin çəpərindən götürdüyü istintaqa məlum olmayan ülgüclə Pərviz Rüstəmzadənin qarnından vuraraq ona xəsarət yetirib.
Ramil Yusifov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Yusifov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qayınanası Həmayənin evində olarakən həyətə giriş qapısının önündə avtomobil səsi eşidib: “Avtomobilin batıb qaldığını, sürücünün avtomobilə yüksək qaz verdiyini eşitdim. Sürücüyə kömək etmək məqsədi ilə yola çıxdım, “VAZ-21043” markalı avtomobilin təkərlərinin palçıqda batıb qaldığını gördüm.
Sürücüyə “əmioğlu, nə kömək lazımdır” dedim. Pərviz mənə “get tullan burdan, sən kimsən” cavabını verdi. Pərvizə “mən burda yaşayıram, sən kimsən” dedim və qabaq sol qapıya yaxınlaşdım, “bu nə danışıqdır danışırsan” soruşdum Pərviz mənə nalayiq söyüş söydü. Avtomobilin qapısının açıq olmuş şüşə yerindən Pərvizin başına yumruq zərbəsi endirdim. Lakin yumruq ona dəymədi.
Pərviz avtomobilindən düşərək məni yenə söydü. Qayınanamgil evin həyətinə çıxdılar. Pərvizə ailə üzvlərimin həyətdə olduğunu, söyüş söyməməsini dedim. Üstümə yeridi ağız nahiyəmdən yumruq vurdu. Dodağım əzildi və qan axdı. Pərvizə “niyə məni vurdun” dedim. “Yaxşı edib vurdum” dedi. Həyətin qarğıdan olmuş çəpərində bıçaq gördüm. Bıçağı götürərək əlimdə saxladım, Pərviz məni vurmaq üçün yenidən üstümə gələndə bıçaqla onu qarnından vurdum”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman qonşuları Allahyar gəlib: “Allahyar Pərvizi tanıdığını və nə səbəbə dalaşdığımızı soruşdu. Söyüş söydüyünə və məni yumruqla vurduğuna görə vurduğumu bildirdim. Hadisədən sonra Yevlax rayon polis şöbəsinə gəldim, təslim oldum. Əməlimdən peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərviz Rüstəmzadə bildirib ki, hadisə Novuz bayramı günü baş verib: “Bayram axşamı saat 20 radələrində oğlum Rəcəb “ata təkər olsa tonqal yandırardıq” dedi. Təkər tapmaq üçün Xaldan-Mingəçevir asfalt yolunun kənarında təmiri sexlərində lazımsız təkər olduğunu xatırladım. Avtomobilimlə gedərək təkəri gətirməyi qərara aldım. Təkər tapmayaraq geri qayıdanda maşın batdı.
Ramil Yusifov gələrək avtomobilin qabaq sağ qapısının şüşəsini döyərək “nə axtarırsan” deyə soruşdu. Ona “sən kimsən, get işinlə məşğul ol” dedim”.
Zərərçəkmişin sözlərinə görə, Ramil qapının açıq olmuş şüşə yerindən onun başına doğru yumruq zərbəsi atıb: “Başımı arxa tərəfə çəkdim, yumruq mənə dəymədi. Avtomobildən düşdüm, o məni söydü, cavab qaytardım. Ramil üstümə gəldiyi üçün yumruqla onun ağız nahiyəsindən vurdum. Ramil qarğı çəpərə tərəf getdin və yenidən yanıma qayıtdı. Əlindəki ilə qarnımdan bir dəfə zərbə endirdi. Paltarlarımı yuxarı qaldırdım, qarnımın kəsildiyini və həmin nahiyəmdən qan axdığını gördüm”.
Pərviz Rüstəmzadənin ifadəsinə görə, bu zaman Allahyar adlı şəxs gəlib: "Qarnımdakı xəsarəti ona göstərdim və həmin xəsarəti Ramilin bıçaqla mənə yetirdiyini dedim. Allahyar Ramili yaşadığı evə yola saldı. Ramilin qayınanası Həmayə və arvadı Aytəkin yanıma gəldilər. Həmayə mənə “gedək səni aparım həkimə” dedi. Həmayəyə dedim ki, lazım deyil, hanı məni bıçaqlayan şəxs, o, mənim yanıma gəlsin. Aytəkin telefonla Ramilə bir neçə dəfə zəng etdi. Lakin Ramil zəngə cavab vermədi. Həmayə mənə yeznəsi Ramili bağışlamağımı, sonuncunun əvəzindən məndən üzr istədiyini dedi”.
Pərviz Rüstəmzadənin ifadəsinə görə, qan itirdiyini görərək xəstəxanaya getməyi qərara alıb: “Bu vəziyyətdə avtomobilini idarə edə bilməyəcəyimi gördüm. Kömək çağırmaq məqsədi ilə qonşum Tehrana zəng etdim, Aşağı Bucaq kəndində bıçaqlandığımı, yanıma gəlməsini dedim. 5-10 dəqiqə sonra Tehran qonşumuz Eyvazla gəldi. Məni təcili olaraq xəstəxanaya apardılar. Təqsirləndirilən şəxs ilə barışmışam, ondan heç bir şikayətim yoxdur”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Yusifovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay 5 gün müddətinə şərti cəza verilib.
Ramil Yusifovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, o, məhkəmə zalından azadlığa buraxılıb.