Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi Yaqub Rəhimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ələkbər Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib.
Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.
İstintaq orqanı tərəfindən Yaqub Rəhimovun barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.