29 Yanvar 2021 12:55
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən Şərur rayon sakini, 1976-cı il təvəllüdlü Telman Hüseynovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Telman Hüseynov Nizami rayonunda yerləşən “Almaz” hostelinin 1-ci mərtəbəsində ümumi istifadədə olan mətbəxdə yumruqla Abbas Məmmədlinin üzünə, mətbəx bıçağı ilə əl nahiyəsinə vuraraq ona xəsarət yetirib.

Telman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Telman Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2013-cü ildə 16 saylı cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra “Almaz” hostelində yaşamağa başlayıb: “Abbas Məmmədlini hosteldə yaşadığım vaxtlardan tanımışam. O, ilk əvvəl təxminən 5-6 ay mənimlə eyni otaqda aldı. Həmin dövrdə aramızda heç bir narazılıq yaranmadı. Əksinə, dostluq münasibətlərində olmuşuq. Sonradan otaq soyuq olduğu üçün Abbas hostelin başqa otağına yerləşdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü hosteldə yaşadığı otaqdan çıxıb və səhər yeməyi üçün birinci mərtəbəyə, ümumi istifadədə olan mətbəxə enib: “Aldığım sosiskaları doğramaq üçün mətbəxdə bıçaq axtardım. Abbasın qaldığı birinci mərtəbədəki otağın qapısını açaraq içəri boylandım ki, bəlkə bıçaq masanın üzərində olar. Abbasın otaqda istirahət etdiyini görüb, çıxdım.

Çıxanda qapını tam bağlamayraq bir az aralı saxladım. Fikirləşdim ki, qapını tam bağlasam, səs Abbası oyadar. Yenidən mətbəxə qayıtdım, yağ bıçağını götürərək sosiskaları doğramağa başladım”.

Telman Hüseynov qeyd edib ki, bir neçə dəqiqə sonra Abbas mətbəxə daxil olub: “Mənə uca səslə: "Bayaqdan səni çağırıram, qapını niyə tam örtməmisən" dedi. Abbasa mənimlə kobud danışmamağı, narahatlıq yaratmamaq üçün qapını tam örtmədiyimi dedim. O isə kobud şəkildə və uca səslə mənə ağıllı olmağı məsləhət gördü.

Bundan sonra özümdən çıxdım və Abbasın üz nahiyyəsinə üç yumruq vurdum. Hostelin sahibi Qalası gələrək bizi araladı. Abbas isə əlinə dabankeş götürərək üstümə hücum etdi. Orada olan şəxs onun məni vurmasına imkan vermədi. Dava-dalaşdan sonra hosteli tərk etdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin gecə hostelə qayıdıb: “Bu zaman mənə məlum oldu ki, yumruqla vurmağım nəticəsində Abbasın çənəsi sınıb. Müalicə üçün ona 1300 manat ödədim. Abbası yumruqla vuraraq xəsarət yetirdiyimi səmimi etiraf etdim. Bıçaqla ona xəsarət yetirməmişəm”.

Nizami rayon Məhkəməsinin hökmü ilə Telman Hüseynov 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər