Zaqatala rayon sakini, 2003-cü il təvəllüdlü Əli Əliməmmədov 18 yaşlı həmkəndlisi İlyas İlyasovu öldürüb.
Teleqraf.com-un xəbərinə görə, hadisə ötən il mayın 14-də rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib.
Mosul kənd sakinləri olan Əli və İlyasın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Dava zamanı Əli Əliməmmədov İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli sayılan Əli Mosul kənd tam orta məktəbinin 10-cu sinif şagirdidir. Qətlə yetirilən İlyas Gürcüstanın ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aydın Babayev adına Mosul kənd orta məktəbinin 11-ci sinfində təhsil alıb: “İlyasla aramızda və ya ailələrimiz arasında düşmənçilik olmayıb. Təqribən 2 il əvvəl hər ikimiz eyni qızı istədiyimizə görə İlyas mənə həmin məsələni danışmağı təklif etdi. Mənimlə görüşərək qızdan uzaqlaşmağı tələb etdi. İlyasın sözü ilə həmin qızdan uzaqlaşdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-ci ildə təhsil aldığı məktəbin həyətində İlyasın səkkizinci sinifdə oxuyan Ruslan adlı fiziki cəhətdən zəif bir uşağın boynundan tutaraq vurduğunu görüb: “Bunu irad tutaraq uşağı buraxmasını söylədim. İlyas qarşılığında mənə “sənə aidiyyəti yoxdur, sənin özünü də götürüb, hasardan o tərəfə ataram”, - dedi. Bununla aramızda mübahisə yarandı.
İlyas məni qaldıraraq yerə vurdu. Dzü-do idman növü ilə məşğul olduğu üçün o, çox güclü idi. Həmin vaxt uşaqlar bizi araladı. Bundan sonra İlyasa Eldar adlı dostum vasitəsi ilə xəbər göndərdim, məktəbdə görüşməyi təklif etdim. İlyas məktəbdə yox, mənimlə başqa yerdə görüşəcəyini söylədi”.
Əlinin ifadəsinə görə, iki gün sonra dostları - Abdulla, Emil, Eldar və İslamla birlikdə İlyasın dediyi yerə, yəni kəndin aşağısına gedib: “Orada İlyasla mübahisə etdim. İlyasdan məni niyə söydüyünü soruşdum. O da lazım olduğu üçün söydüyünü söylədi. Söhbət zamanı yumruqla İlyasın sifət nahiyəsinə bir dəfə vursam da, İlyas məni vurmadı. Sonra aralaşaraq dağılışdıq”.
Təqsirləndirilən şəxs bildirib ki, bu görüşlərindən təqribən bir ay sonra İlyasın dostu onun dostu Emilə zəng edib.”İlyasın dostu məni də götürərək gəlməyi, birlikdə söhbət edəcəklərini söyləyib. Emillə yola çıxdıq. İlyasla Rizbulla da bizim yanımıza gəldi və birlikdə yaxınlıqdakı fındıq bağına getdik. Orada İlyas məni söyərək döydü.
Emil bizi aralaşdırmaq istəsə də, İlyasın dostu buna imkan vermədi. Həmin gün bu barədə atama məlumat verdim. Atam İlyası yolda görən zaman bu hərəkətinə görə ona 1-2 şillə vurdu. Bundan sonra mən yenə də İlyasla görüşərək onun düzgün hərəkət etmədiyini, məni döyüb-söyməməli olduğunu demək istədim. Lakin İlyas çağırışıma gəlmədi. Belə olan təqdirdə bir daha İlyası çağırmadım. Hadisədən iki gün əvvəl bibim oğlu mənə zəng edərək İlyasın mənimlə tək görüşmək istədiyini söylədi. Mən həmin gün İlyasın yanına getmədim”.
Əli daha sonra ifadəsində qeyd edib ki, hadisə baş verən günü 18.00-da daima üzərində gəzdirdiyi bıçağı otağından götürüb və cibinə qoyub: “Sonra İlyasgilin evinə tərəf getdim.
İlyas məni döydükdən sonra gücüm çatmasa, heç olmasa bıçaqla özümü qoruya bilim deyə həmişə cibimdə bıçağı gəzdirmişəm. Ora çatanda İlyasın həmkəndlimizlə birlikdə mağazanın qarşısında dayandığını gördüm. Ona söhbət etməyi təklif etdim. Biz mağazadan təqribən 500 metr aralanaraq futbol stadionu tərəfə getdik.
Stadionun kənarında oturacağın yanında dayanaraq söhbət etdik. İlyasdan məni niyə söydüyünü və döydüyünü soruşdum. Bunun düzgün hərəkət olmadığını bildirdim.
İlyas hərəkətinin düzgün olduğunu bildirdi. Sonra anamın ünvanına söyüş söydü. Artıq dözə bilməyərək evdən özümlə götürdüyüm bıçaqla İlyasın qarın nahiyəsinə 5 zərbə vurdum. İlyas qaça-qaça körpüyə tərəf getdi və körpünün yanında yıxıldı. Sonra atama zəng etdim. İlyası bıçaqla vurduğumu dedim, yaşadığım evə yollandım.
Evdə atama İlyası məni söydüyü üçün vurduğumu söylədim. Atam məni danladı, dayısının dostu Teymurun maşını ilə məni Zaqatala rayon polis şöbəsinə gətirmək üçün yola çıxdı. Yolda Mosul kəndinin ərazisində polislərə rast gəldik. Atam polis əməkdaşlarına işarə verərək onları saxlatdırdı və məni polis əməkdaşlarına təhvil verdi”.
Əlinin sözlərinə görə, İlyası öldürmək niyyəti olmayıb. O, ani olaraq əsəbiləşdi üçün onu vurduğunu qeyd edib.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb.
Əli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi qərara alınıb.