Ağdaş rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Əfqan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Əfqan Əsgərov Şəki Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.2.3-cü (narkotik vasitələri becərmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2016-cı ildə Amnistiya aktına əsasən cəzasının qalan hissəsindən azad olunub.
Əfqan Əsgərovun 2020-ci ildə Ağdaş rayon Mərkəzi Xəstəxanasında COVİD-19 virusu ilə bağlı verdiyi yaxma analizinin nəticəsi pozitiv çıxıb. Ona həkim nəzarəti altında ev şəraitində 14 gün müalicə təyin olunub, evi tərk etməməsi ilə bağlı təlimatlandırılıb.
Buna baxmayaraq, o, müalicə müddəti bitməmiş yaşadığı evi tərk edib və piyada kəndin qəbiristanlığına gedib. Bununla da sanitar-gigiyena və karantin rejimini pozaraq COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə yaradıb.
Həmin gün o, saat 10:50 radələrində Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.
İstintaq orqanı tərəfindən Əfqan Əsgərovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.
Əfqan Əsgərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib: “Test verdiyim vaxt xəstəxanada məndən mobil nömrə istədilər. Özüm istifadə etdiyim mobil nömrəni verdim. Həmin vaxtdan COVİD-19 xəstəsi olmağım, testinin nəticəsinin pozitiv çıxması barədə mesaj gəldi. Həmçinin, həkim Nüşabə xanımın mobil telefonuma zəng etdi və mənə COVİD-19 xəstəsi olmağım, 14 gün müddətində evi tərk etməməli olduğumu bildirdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, müalicə dövründə özündə ciddi narahatlıq hiss etməyib: “Buna görə kəndin qəbiristanlığına getdim, qəbirləri ziyarət etdim. Geri qayıdanda mənə zəng gəldi. Özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər harada olduğumu soruşdular. Onlara qəbiristanlıqda olduğumu və evə qayıtdığımı bildirdim. Bir qədər aralıda polislərin məni gözlədiklərini gördüm. Polislər videogörüntü çəkdilər, mənim evdən çıxmağımın cinayət məsuliyyəti olması barədə izahat verdilər”.
Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində hakim Cavid Sultanovun icraatında baxılıb.
Əfqan Əsgərov 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.