6 Noyabr 2014 16:47
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifov və digər şəxslərin barəsində olmuş hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iş üzrə proses baş tutmayıb.

Məhkum Zal Yusifov məhkəməyə gətirilməyib. Bu səbəbdən məhkəmə iclası noyabrın 20-nə kimi təxirə salınıb.

Qeyd edək ki, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyiblər.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il azadlıqdan məhrum olunub. Zal Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalında tutularaq, 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrumolunma cəzası təyin edib. Məhkəmə qərarında, həmçinin vətəndaşlara dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi tələb olunub. Həmin hökmdən verilən apelyasiya şikayətləri isə təmin olunmayıb.

Bundan sonra Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edilib. Ali Məhkəmə isə əvvəlki instansiya məhkəməsinin zərərçəkmişlərə zərərin ödənilməsi barədə olan hissəsini ləğv edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Lakin Bakı Apelyasiya Məhkəməsi zərərçəkmişlərə zərərin ödənilməsilə bağlı şikayəti yenidən təmin etməyiblər. Hazırda zərərçəkmişlər Ali Məhkəməyə yenidən kassasiya şikayəti hazırlayırlar.

Xatırladaq ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev və daha 25 nəfərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir məhkəmə prosesi keçirilib. Prosesin getdiyi bir vaxtda Etibar Əliyev xəstələnib. Buna görə də məhkəmə Etibar Əliyevin barəsində olan cinayət işini ayrıca icraata götürüb və xəstəliyi sağalana qədər cinayət işi dayandırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər