Bərdə rayonunda körpələr evinin müdirinə hədə-qorxu gəlməkdə təqsirli bilinən Qurban Alışanov, Seymur Məmmədov və Elvin Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.
İttihama görə, bu il mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirib.
Bərdə rayon polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.