Bakının Binəqədi rayonunda avtomobil oğurlayanlar qəza törədiblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonunun H.Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Avtomobil həmin gün saat 16 radələrində Salyan rayon ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib avtomobili aşırıb.
Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ərşad Səfərova və sərnişinləri - Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilib və onlar Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə gətiriliblər. Həsən Soltanovun halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.
Hacı Zeynalov