27 Dekabr 2021 10:33
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

İttihama görə, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunub.

Əjdər Cəbiyev nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı yazıçı kimi fəaliyyət göstərib.

Əjdər Cəbiyev sabiq nazir Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə işləyib.

Səlim Müslümovun cinayət işi ayrıca icraatda araşdırılır.

Bu ilin dekabrın 6-da Səlim Müsülümovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Səlim Müslümovun barəsində olan cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov