Bakının Səbail rayonunda 1981-ci il təvəllüdlü Tural tanışı Şahidin anası Səidəyə qarşı dələduzluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tural Səidəyə tanışları vasitəsilə anası Şuranın qanun üzrə vərəsəsi olmasına köməklik edəcəyinə dair yalan vəd verib. O, Səidənin 12500 manatını ələ keçirib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Tural ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı ildə feysbuk sosial şəbəkəsində Şahidlə tanış olub: “Sonra Şahidlə mobil nömrə vasitəsi ilə, daha sonra isə vatsapla əlaqə saxladım. 2017-ci ildə Şahid məni anası Səidə ilə də tanış etdi. Şahidin deməsinə görə, anasının adına olan mənzili xalası Xalidə xəbərsiz öz adına keçirib. Bunun üçün anasının mənzilinə varis olmaq qərarına gəlib”.
Təqsirləndirilən şəxs deyib ki, 2018-ci ilin sentyabrın əvvəllərində Şahid və Səidə xanımla Bayıl qəsəbəsində kafelərdən birində söhbət edib: “Söhbət zaman Səidə xanım qızı Şahidin varisi olmaqda ona köməklik etməsini xahiş etdi. Səidə xanım kafedən getdi. Sonra Şahidə anasının varisi olmaqda köməklik edə biləcəyimi və guya Bakı şəhərində yerləşən ABŞ səfirliyində işləyən Xəyal adlı tanışımın dayısının vasitəsilə onun anasının varislik məsələsini həll edə biləcəyimi, lakin buna görə də 12500 manat lazım olacağını dedim. Mənə inanaraq bu təklifimə razılıq verdilər”.
Tural bildirib ki, sentyabrın 10-da, onlar kafedə görüşüblər: “Bu işin iki ay ərzində düzələcəyini, düzəlmədiyi halda isə pulu geri qaytaracağımı dedim. Həmin günü Səidə xanım Şahidə mənə 12500 manat verməyini tapşırdı. Həmin günü “Alza” geyim mağazasının qarşısında Şahid mənə 12500 manat verdi. Şahid və Səidə xanım sonra məndən 12500 manatı tələb etməyə başladılar. Lakin pulum olmadığından və artıq işləmədiyim üçün onlara pul qaytara bilmədim. 12500 manatı atamın müalicəsinə xərcləmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır: “Qızım Şahid sosial şəbəkədə tanış olduğu Turalla onun vasitəsilə tanış oldum”.
Zərərçəkmiş deyib ki, anası Şuranın adına olan mənzilini bacısının ondan xəbərsiz öz adına rəsmiləşdirdiyini öyrənib: “2018-ci ilin sentyabrın əvvəllərində qızım Şahid və Turalla Bayıl qəsəbəsində kafelərdən birində görüşdük. Bacım Xalidənin anamın adına olan evi mənə demədən öz adına keçirtdiyini dedim. Həmin görüşdən bir neçə gün sonra Şahid mənə varislik məsələsi barədə Turalın köməklik edə biləcəyini dedi”.
Zərərçəkmiş daha sonra ifadəsində varislik məsələsinin həll olunması üçün Turala pul verdiklərini, sonradan məsələnin həll olunmadığını görüblər: “Turaldan özüm və qızım vasitəsilə pulumu istədim. Lakin Tural müxtəlif bəhanələr gətirdi, qızımın vasitəsilə məndən almış olduğu pulu bu günə qədər qaytarmayıb”.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.
Tural 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalında həbsə olunub və saxlanılması üçün Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.