5 Mart 2022 13:20
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.

Teleqraf.com-un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.

Daha sonra İşxan Sarqsyan və Vladimir Rafelyan son söz deyib.

Məhkəmə kollegiyasının hökmünə əsasən, İşxan Sarqsyan 19 il, Vladimir Rafelyan isə18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə, həmçinin qeyd edilib ki, hər iki şəxs cəzalarının 9 ilini həbsxanada, qalan cəzanı isə ciddi rejimli cəzaçəkmə müəssində çəkəcəklər.

Hər iki şəxs cəzalarını başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından məcburi qaydada çıxarılacaq.

Xatırladaq ki, prokuror çıxışında İşxan Sarqsyanın 20 il, Vladimir Rafelyanın isə 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaqla müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər