Bu gün Bakı Apelyasiya Məhkəməsində tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyev bağ evinin tikilməsi üçün Rövşən Hüseynli ilə müqavilə bağlayıb.
Rövşən Hüseynli rəhbərlik etdiyi fəhlə briqadası ilə həmin ünvanda bağ evinin inşasına başlayıb. Bu ilin avqustun 20-də tikilməkdə olan bağ evinin beton örtüyü uçub.
Orada işləyən Sabirabad rayon sakini Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan uçqunun altında qalıb. Hadisə zamanı Emin Hüseynov ölüb, Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Hüseynli 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Hüseynlinin apelyasiya şikayəti qismən təmin edilib. Onun cəzasından 1 il çıxılıb və barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Hacı Zeynalov