6 Oktyabr 2022 14:00
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Müşfiq Abbasovun şikayəti qismən təmin olunub və onun cəzası 4 il 3 aya endirilib.

Qeyd edək ki, Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Müşfiq Abbasov məhkəmə zalında həbs edilib.

İttihama əsasən, Müşfiq Abbasov Bakı şəhər Prokurorluğunun müstəntiqi kimi icraatında olan dələduzluq işinə xitam vermək adıyla təqsirləndirilən Vüqar Əsədovun qohumlarından 40 min manat pul alıb, onları aldatmaqda təqsirli bilinib.

Başqa bir ittiham isə budur ki, sabiq müstəntiq tanışı İlyas Sadıqova ona borclu olan adamdan pulunu (840 min manat) alıb özünə qaytaracağına söz verib. Deyib ki, həmin adamın haqqında cinayət işi başlanacaq, bundan sonra o, məcbur qalıb, pulunu qaytaracaq. Bu işi görməkdən ötrü isə tanışından 20 min dollar alıb.

Müşfiq Abbasov ittihama münasibətdə özünü təqsirli bilməyib. Deyib ki, ortada heç bir mötəbər sübut-dəlil olmadan, ona qarşı qərəzli adamların şikayətləri əsasında həbs edilib. Prokurorluq heç bir sübut toplamayıb, deyilənləri araşdırmayıb, ifadələrdəki ziddiyyətlərə aydınlıq gətirməyib.

Sabiq müstəntiq iddia edib ki, dələduzluğa görə məhkum edilən Vüqar Əsədovun qohumlarının banklara və müxtəlif adamlara borcları var, ondan pul alıb qapatmağa çalışıblar. Bu məqsədlə onu şərləyiblər: “Onlar Xətai rayon Polis İdarəsinin müstəntiqi Elməddin Paşayevin də pul aldığını iddia edib, şikayətçi olmuşdular. Amma bu, təsdiqini tapmadı. Deyirlər ki, pulu mənə vəkil vasitəsilə göndəriblər. Guya mən də demişəm ki, pul İstintaq İdarəsinin rəisinə cataçaq. Niyə o vəkili, istintaq idarəsinin rəisini dindirməyiblər?”

Qeyd edək ki, bu cinayət işi üzrə şahid qismində Vüqar Əsədov dindirilib. Vüqar Əsədov hazıda məhkumluq həyatı yaşayır. O, dələduzluqda təqsirli bilinib. Vüqar Əsədov deyib ki, Penitensiar Xidmətin sabiq əməkdaşı olub, 2016-cı ildə bir neçə şəxslə birgə dələduzluqda ittiham edilib və cinayət işinin ibtidai istintaqını hazırda təqsirləndirilən Müşfiq Abbasov aparıb: “Müşfiqi də həmin dövrdən tanıyıram. Mənə iş üzrə 89 min manat ittiham irəli sürülmüşdü. Mən isə ittihamla razılaşmadım. Çünki məbləğ az idi, həbs edildim. Həbsdə olanda Müşfiq qohumlarıma deyib ki, 17 min manata işə xitam verdirəcək. Mən razılaşmadım, bilirdim ki, bu, alınmayacaq.

Həbsdə olanda Müşfiq bircə dəfə yanıma gəldi, onda da qeyd etdi ki, razılıq verim, pulu qohumumdan alsın. Sonra qohumum ona 17 min manat pul verdi, mən də azadlığa çıxdım. Həmin pulu guya zərərçəkmişə vermişdi. Müşfiq yalandan dedi ki, mən həmin cinayət işində şahidəm, işimə xitam verilib. Hər dəfə məni aldadırdı.

Həmin cinayət işi məhkəməyə gəldi, mən də təqsirləndirilən şəxs qismində tanındım. Bu iş üzrə məhkumluq həyatı yaşayıram. Həmin vaxt Müşfiq həbsdə idi. Hətta vəkili vasitəsi ilə məndən xahiş etdi ki, yalandan ərizə yazım. Bu ərizəyə görə azadlığa çıxmaq istəyirdi, rədd etdim”.

Vüqar Əsədovun sözlərinə görə, Müşfiq Abbasov onun qohumundan pul alan zaman vəzifədə olan məmurların adından istifadə edib.

Xatırladaq ki, Müşfiq Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyib. 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub.

Müşfiq Abbasov bundan əvvəldə məhkum olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər