25 Noyabr 2022 17:13
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən Sahilə Məmmədovanın gəlmədiyi məlum olub.

Bildirilib ki, onunla əlaqə saxlanılıb və 10 dəqiqəyə məhkəməyə çatacaq. Hakim Sahilə Məmmədovanın gözlənilməsi üçün 10 dəqiqə fasilə elan edib.

Fasilədən sonra davam etdirilən prosesdə hakim bildirib ki, bundan əvvəlki prosesdə təqsirləndirilən xanım məhkəməyə gəlməməsi səbəbindən təxirə salınıb. Hakimin sözlərinə görə, hazırkı məhkəməyə də təqsirləndirilən şəxs gecikib. Hakim təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini təklif edib.

Prokuror qətimkan tədbiri seçilməsi üçün məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib. Zərərçəkmiş Tariyel Qurbanovun nümayəndəsi Adəm Məmmədov deyib ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmir, məhkəmənin işini pozur. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Sahilə Məmmədovanın vəkili isə deyib ki, müdafiə etdiyi şəxsin azyaşlı uşağı var, o bağışlansın.
Müşavirə keçirən hakim heyəti Sahilə Məmmədovanın barəsində həbs qətimkan tədbiri seçib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Sahilə Məmmədovanın barəsində istintaq zamanı ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər