22 Dekabr 2022 12:14
4 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini Rafiq Əzizov rüşvət almaqda ittiham edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rafiq Əzizov işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və vəzifə saxtakarlığı törədib.

Bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən Rafiq Əzizovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq Əzizov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-cu ilin martından Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləyib:

“Direktor müavini kimi əsas vəzifəm uyğunluq sertifikatlarının sifarişinin qəbulu, müqavilələrin bağlanması, sifarişin təhlili və uyğunluq sertifikatının verilməsi barədə qərarların verilməsindən ibarət olub. 2020-ci ilin aprel ayınadək isə Şimal ərazi idarəsinin direktoru vəzifəsində işləmişəm. 2020-ci ilin aprel ayında departamentin direktor müavini vəzifəsinin müvəqqəti icrası mənə həvalə edildi. Təxminən 2020-ci ilin iyul ayında həmin vəzifəyə təyin edildim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Dövlət Sərhəd Xidməti ilə Standartlaşma İnstitutu arasında 2020-ci ilin təxminən sentyabr ayında xidmət müqaviləsi bağlanıb: “Həmin müqaviləyə uyğun olaraq Dövlət Sərhəd Xidməti tərəfindən “Azeli Textir” MMC və “Kral Təbabət” MMC-nin təklif etdiyi məhsulların nümunələri institutun laboratoriyasına təqdim edildi.

Həmin nümunələr və Dövlət Sərhəd Xodmətindən daxil olmuş ərizə əsasında institutun laboratoriyasında sınaqlar aparıldı. Dövlət Sərhəd Xidmətindən nümunə olaraq “Azeli Textir MMC-nin verdiyi açıq boz və ağ rəngli köynək parçaları, “Kral Təbabət” MMC-nin verdiyi açıq boz və ağ rəngli köynəklər göndərildi. Həmin məhsullar əsasında sınaq aparıldı və müvafiq sınaq protokolları tərtib edildi. Sınaq protokolları tərtib edildikdən sonra sınaq aparan şəxslər tərəfindən imzalanaraq mənə təqdim edildi. Həmin protokolun daxilində yazılanların dəqiq mənasını bilməmişəm. Mənə təqdim ediləndən sonra departamentin direktor müavini olaraq həmin sınaq protokollarını imzalayaraq təsdiq etmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əslində bunu laboratoriyanın özü imzalamalı olduğu halda, institutun direktoru laboratoriyanın möhürünü yığışdırdığı üçün həmin protokolları o imzalayıb və “Uyğunluğun qiymətləndirilməsi Departamentinin” möhürü ilə təsdiqləyib: “Sifarişçinin müraciəti üzrə sınaq protokolu tərtib edildikdən və sifarişçi ödəniş etdikdən sonra həmin sınaq protokolu sifarişçiyə göndərilib”.

Rafiq Əzizov bildirib ki, MMC-nin direktoru ilə bir-birlərini tanımayıblar və sınaq protokolları ilə bağlı onların arasında hər hansı, o cümlədən MMC üçün hansısa üstünlük əldə edilməsi, cəmiyyətin mənafeyinə uyğun olaraq sınaq protokollarının saxtalaşdırılması ilə bağlı heç bir razılaşma olmayıb:

“Sınaqların keçirilməsi barədə sifariş mövcud qanunvericiliyə tam uyğun olaraq, Dövlət Sərhəd Xidməti tərəfindən verilsə də, Dövlət Sərhəd Xidməti Baş İdarəsinin Təminat İdarəsi Əşya geyim şöbəsinin rəisi də MMC üçün hər hansı üstünlük əldə edilməsi ilə bağlı mənə hər hansı təklif etməyib. Bu barədə heç bir sövdələşməm olmayıb”.

Rafiq Əzizov qeyd edib ki, MMC-nin mənafeyi üçün təqdim edilmiş nümunələrin sınaq protokollarına düzəliş etməyib, sınaq protokollarını rəsmi qaydada müşaiyətedici məktubla göndərilməyib:

“Sadəcə işğaldan yeni azad olunmuş rayonlarda xidmət edən əsgərlərin hərbi geyimə olan tələbatlarının təcili ödənilməsi zərurəti ilə əlaqədar olaraq sınaq protokollarının surətlərini xahişlə nümunə kimi onların şəxsi elektron ünvanına göndərmişəm. Əslində mövcud qaydalara əsasən sınaq protokolları rəsmi qaydada müşaiyətedici məktubla göndərilməli, müvafiq qaydada qeydiyyatdan keçirilməlidir, bunsuz tender keçirilə bilməz. Yəni sınaqlar keçirildikdən, Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq ödənişlər edildikdən sonra bu barədə protokollar müşaiyətedici məktubla rəsmi qeydiyyatdan keçirilməklə, həmin xidmətə göndərilməli və yalnız bundan sonra tender keçirilməli olduğu halda Dövlət Sərhəd Xidməti bunu etməyib.

Dövlət Sərhəd Xidməti həmçinin məndən protokolun akkreditasiya şəhadətnaməsi və sahəsini də tələb etməyib. Laboratoriya isə akkreditasiya olunmayıb.

Cinayət işinin materiallarına əlavə olunmuş akkreditasiya attestlarından görünür ki, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin Sınaq Laboratoriyasının akkreditasiya attestatının müddəti 17 iyul 2020-ci ildə başa çatıb və növbəti akkreditasiya attestatı yalnız 4 dekabr 2020-ci ildə verilib. Yəni sınaq protokollarının təsdiq olunduğu 18 noyabr 2020-ci ildə laboratoriyanın müvafiq sınaqları keçirmək səlahiyyətləri olmayıb. Bu xüsusatın özü də həmin protokolların rəsmi sənəd hesab edilməsini istisna edir”.

Rafiq Əzizovun sözlərinə görə, sınaq protokolu ilə həmin protokolun əsli arasında olan fərqləri xatırlamır: “Nə üçün belə bir məzmunda protokolun göndərildiyini bilmirəm. Həmin protokolun göndərilməyini məndən Dövlət Sərhəd Xidmətində işləyən, lakin heç vaxt üzünü görmədiyim, daimi telefon əlaqəsi saxladığım Nizaməddin adlı şəxs xahiş edib. Nizaməddin mənimlə qaynar xətt vasitəsilə əlaqə saxlayaraq institut ilə müqavilə bağlamaq istədiyini bildirib.

Nizaməddindən Dövlət Sərhəd Xidmətin də özünün sınaq laboratoriyalarının olduğunu, nə üçün institut ilə müqavilə bağlamaq istədiyini soruşdum. Nizaməddin nəticələri müqayisə etmək üçün müqaviləni bağlamaq istədiyimizi bildirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə institut arasında olan müqaviləni özü tərtib edib: “Sonra həmin müqaviləni onlara göndərmişəm. Daha sonra Dövlət Sərhəd Xidmətində müqavilə imzalandıqdan sonra geri göndərilib. Özüm tərəfindən imzalanaraq möhür vurulub. Qaynar xətt vasitəsilə Nizaməddin ilə danışarkən ondan mobil nömrəsini almışam. İşlə, eləcə də ödənişlə əlaqədar bir neçə dəfə əlaqə saxlamışam”.

Rafiq Əzizovun bildirdiyinə görə, əvvəlcə həmin sınaq protokolunu Nizaməddinə məxsus elektron ünvanına göndərib: “Daha sonra onunla mobil telefon vasitəsilə əlaqə saxlayanda Nizaməddinin mənə Zəngilan rayonunda olduğunu və həmin sınaq protokolunu elektron ünvanına göndərməyimi xahiş edib. Bundan sonra həmin protokolu onun elektron ünvanına göndərmişəm. Elektron vasitələrdən düzgün şəkildə istifadə edə bilmədiyim üçün həmin protokolu Nizaməddinin elektron ünvanı ilə bərabər, həmçinin səhvən şirkətdə auditor işləyən Samir Albəndova da göndərmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılıb. Məhkəmə Rafiq Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 8 ay 10 gün müddətinə şərti cəza təyin edib.

Rafiq Əzizovun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bu hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Dövlət ittihamçısı tərəfindən imzalanan protestdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin əsassız tətbiq edilməsi qeyd olunub.

Protestdə Rafiq Əzizovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsi, onun həbs edilməsi tələb olunur.

Bundan başqa, Rafiq Əzizov da apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılması istənilib.

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baş tutan iclas gələn ilin yanvarın 10-na təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər