Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Əhməd (adlar şərti verilib – red.) iki qadına qarşı quldurluq və seksual xarakterli hərəkətlərə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əhməd 24 sentyabr 2020-ci ildə saat 20 radələrində hamilə vəziyyətində olan Fərqanənin evinə girib. Zorla cinsi əlaqədə olmaqdan ötrü öldürmək hədəsi ilə Fərqanənin çənə nahiyəsinə kəsici-deşici alətlə bir zərbə vurub. Fərqanə evdən çıxdığı üçün niyyətini həyata keçirə bilməyib.
Bundan başqa, 23 iyun 2021-ci ildə saat 22 radələrində o, İlahənin əmlakını ələ keçirmək məqsədilə onun yaşadığı evə girib. Mətbəxdən götürdüyü bıçaqla İlahəyə bir neçə zərbə vurub və sonra onunla zorla cinsi əlaqədə olmaq üçün öldürəcəyi ilə hədələyərək müqavimətini qırmağa çalışıb. Lakin qarşılaşdığı müqavimət nəticəsində əməlini başa çatdıra bilməyib. O, evi tərk edib.
İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 29, 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamaya cəhd), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hafiz Əliyevin ictraatında araşdırılıb.
“Çılpaq olub”
Əhməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə günü İlhanənin evinə oğurluq məqsədilə girib və həmin vaxt onun evdə olduğunu görüb:
“Əvvəlcə yataq otağına girdim. İlahə həmin vaxt hamamda idi. Hamamdan çıxanda onunla qabaq-qabağa gəldim. İlahə çılpaq idi, məni görən kimi qışqırmağa, qonşuları çağırmağa başladı. Mən dərhal həmin evdə olan bıçağı götürərək onu qorxutdum, sakit olmasını söylədim və evdən çıxmaq istədim. Lakin o, üzərimə gəldi və bir əli ilə məndə olan bıçaqdan tutduğu zaman əli yaralandı.
Bıçağı İlhanənin əlindən almağa çalışarkən başı moydadıra dəydi. Mən qaçaraq oradan uzaqlaşdım”.
“Tanımamışam”
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Fərqanəni öncədən tanımayıb: “Onu ilk dəfə polis idarəsində görmüşəm. Saxlanıldığım vaxt əməliyyatçının otağında idi. Qucağında uşaqla mənim olduğum otağa dəfələrlə girib-çıxıb.
Əməliyyatçının Fərqanəyə işarə edərək məni göstərdiyini gördüm. Daha sonra Fərqanə ona qarşı eyni əməlləri törətdiyimi polis əməkdaşlarına söylədi. Fərqanəni ikinci dəfə üzləşdirmə, üçüncü dəfə isə şəxsi tanıma zamanı görmüşəm”.
“Pula ehtiyacım vardı”
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Fərqanənin evinə girməkdə məqsədi oğurluq olub: “Hadisə günü 4-5 bakal pivə içmişəm. Fərqanənin evinə hasardan daxil olmuşam. Evdə kiminsə olacağını düşünürək bir müddət çöldə gözləmişəm. Hətta pəncərini belə tıqqıldatmışam.
Daha sonra heç kimin evdə olmayacağını güman etdim və pəncərədən içəriyə girdim. Arvadım ürək xəstəsi olduğundan təcili pula ehtiyacım vardı”.
Cinayət işi üzrə zərərçəkmiş İlahənin sözlərinə görə, tək yaşayır: “Ərim 2005-ci ilin mayın 9-da şəkərli diabet xəstəliyindən vəfat edib. İki oğlum var. Hazırda oğullarımdan biri Xarkov şəhərində, kiçik oğlum isə Bakıda yaşayır. Xaçmaz rayonunda dövlət idarərlərindən birində texnik vəzifəsində işləyirəm”.
“Hamamda hücum etdi”
Zərərçəkmiş qeyd edib ki, iyunun 23-də axşam saat 22 radələrində namazını qılıb və evdə kitab oxuyub: “Kitab oxuduqdan sonra yuyunmaq üçün şkafdan dəsmalı götürdüm və hamama keçdim. Hamamda sonradan tanıdığım Əhməd mətbəx bıçağıyla üstümə hücum etdi. Nalayiq ifadələr işlədərək məni hamamın küncünə sıxdı, “səsini çıxarma, istədiyimi etməsən, səni öldürəcəm” dedi.
Qışqıraraq Əhməddən məni buraxmasını xahiş etdim. O, əlləri ilə baş və boyun nahiyələrimə zərbələr endirdi. Ona müdaxilə etməyə çalışdım. Bu zaman əlindəki bıçaq sağ qolumu kəsdi.
Məni yerə çökdürdükdən sonra öz şalvarını yarı aşağı saldı. Ağlayıb-qışqırdım, onun cinsiyyət orqanını sıxaraq müqavimət göstərdim. Məni zorlamasına icazə vermədim. Əhməd məqsədinə nail olmadıqdan sonra məni buraxdı və sonra qaçdı”.
Zərərçəkmiş deyib ki, hamamdan çılpaq şəkildə həyətə qaçaraq qonşusu Səliməni köməyə çağırıb: “Səlimə yanıma gəldi, nə baş verdiyini soruşdu. Tanımadığım birinin hücum edərək məni zorlamaq istədiyini dedim. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəldi və mənim izahatımı aldılar”.
“Mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi”
Zərərçəkmiş Fərqanənin sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır: “2008-ci ildə Xaçmaz şəhər sakini Musa ilə ailə həyatı qurmuşam. Hazırda bu evlilikdən 2 oğlum, 1 qızım var.
2020-ci il sentyabrın 24-də hamamda çimdikdən sonra evin zal otağında saçımı fenlə qurudarkən qəflətən Əhməd sağ əli ilə ağzımdan tutdu, sol əlindəki bıçağı çənəmin sol alt tərəfindən boğazıma dayadı. Sonra feni söndürməyimi tələb etdi. Qorxumdan dərhal feni söndürdüm.
Oğlanlarımı çörək almağa göndərmişdim. Həyat yoldaşım isə “TİR” sürücüsü işlədiyi üçün Rusiya Federasiyasında idi. Əhməd səsimi çıxartmamağımı, əks təqdirdə boğazımı üzəcəyini və mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi”.
“Dedi ki, bağa gəl”
Zərərçəkmiş qeyd edib ki, Əhmədin bu sözlərindən sonra onu zorlamaq istədiyini başa düşüb:
“Yalandan evimizdə videokamera olduğunu, həyat yoldaşımın hazırda baş verənləri gördüyünü bildirdim ki, Əhməd qorxaraq gedər.
Əhməd “gəl çıxaq həyətə” dedi və boynumdan tutaraq məni evin həyətinə çıxardı. Evdə pul, qızıl olduğunu, götürsə şikayət etməyəcəyimi təklif etdim. Əhməd “mənə pul lazım deyil, şikayətçi olmayacaqsansa, gəl çıxaq həyətə” dedi. Məni zorla həyətə apardı.
Həyətə çıxan kimi qəfildən oğlanlarım darvazanı döyməyə başladılar. Qapının bağlı olduğunu gördüm və qışqırmağa başladım. Əhməd uşaqları həyətə salmağımı, özümün də bağa gəlməyimi bildirdi. Sonra məni buraxdı.
Əhməd məni buraxdıqda onun sifət nahiyəsini tam gördüm. Darvazaya tərəf getdim və qapını açaraq uşaqlara qaçmalarını bildirdim. Özüm də sol tərəfdəki qonşum Pərvizgilə qaçdım.
Qonşularının həyətinə girərək “evimə bir nəfər bıçaqla girib” dedim. Pərviz yaşadığım evin həyətinə gəldi. Bir neçə saniyə sonra küçəyə çıxdı və həyətdə heç kimin olmadığını, evinə girən şəxsin qaçdığını bildirdi”.
Əhməd 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.