28 Dekabr 2022 18:59
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əliyev Əjdər Nəsib oğlunun qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Teleqraf.com-a Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusatlar üzrə Zaur Adilovun, habelə həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış Əjdər Əliyevin üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Bununla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlar əsasında adı çəkilən vəzifəli şəxslər həmin Məcəllənin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər