Gəncə şəhərində 1976-cı il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Musa “Bazar Store” MMC-yə aid bazada onunla birlikdə ağartı məhsulları satan Baharın onun barəsində müxtəlif şəxslərlə söz-söhbət yaratmasını bəhanə edib. Baharın ünvanına nalayiq ifadələr işlədən Musa onun qarın nahiyəsinə təpik zərbəsi vurub.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Musa özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsini dolandırmaq üçün təxminən 6-7 ildir Gəncədəki Təzə bazarda ağartı məhsulları satmaqla məşğuldur:
“Bahar da həmin bazarda ağartı məhsulları satır. Onunla aramızda heç bir münasibət olmayıb. Bazarda öz piştaxtamın yanında tanışımla söhbət edən zaman Bahar piştaxtasının arxasından barəsində dedi-qodu etdiyimi iddia edərək, əli ilə mənə ayıb yerini göstərdi, şəxsiyyətimi alçaldaraq təhqir etdi. Mən cavab qaytaranda, azyaşlı qızımın ünvanına nalayiq ifadə işlətdi. Yanıma gəldi, qarşımdakı pendiri başıma çırpdı. Mən də əsəbləşdim, onun ünvanına nalayiq ifadələr işlətdim. Məni vurmağa cəhd edəndə orada olan kənar şəxslər bizi araladılar. Mən Baharı vurmamışam və ona heç bir xəsarət yetirməmişəm”.
O, qeyd edib ki, piştaxtaya təpik atıb, amma təpik Bahara dəyməyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Baharın sözlərinə görə, öz piştaxtasında ağartı məhsulları satan zaman iki müştəri ona yaxınlaşaraq pendir, yumurta və qaymaq almaq istəyiblər: “Mən də müştərilərə pendir, yumurta olsa da, qaymağı başqa satıcıdan təşkil edəcəyimi dedim. Bu vaxt Musa kənardan səslənərək, müştəriləri yanına çağırdı.
Musaya əsəbləşdim, mənə yaxınlaşan müştəriləri yanına çağırdığı üçün öz iradımı bildirdim. Onu dindirmədiyimi, bir daha belə hərəkət etməməyi dedim. Musa da yaxşı elədiyini dedi, ünvanıma nalayiq ifadələr işlətdi. Rəhmətə getmiş övladımı və qızımı təhqir edəndə əsəbləşdim. Ona tərəf getdim, piştaxtasından pendiri götürdüm və onun üstünə atdım.
Musa da qadınlığımı nəzərə almadan adamların arasında üstümə cumdu, təpiklə qarın nahiyəmə 2 dəfə vurdu. Hətta hirsi soyumadığı üçün bıçaq götürərək üstümə də gəldi. Lakin digər satıcılar və müştərilər məni sakitləşdirdilər, kənara çəkdilə”.
Zərərçəkmiş deyib ki, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə məlumat verib.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Musa qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 3 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmün icrasına nəzarət Gəncə şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilib.