5 İyun 2023 11:04
5 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Qusar rayonu Cibir kənd sakini Malik Xeyirbəyovun atası Samik Xeyirbəyov dələduzluqla üzləşib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, şəhid atasına qarşı dələduzluğu əslən Laçın rayonundan olan, Bakı şəhərində qeydiyyata düşmüş 1962-ci il təvəllüdlü İlham Abdullayev törədib.

İstintaq sənədlərinə görə, 2020-ci ilin təxminən dekabr ayında o, tanış olduğu şəhid atası Samikə Cibir kənd tam orta məktəbinin həyətində oğlu Malikin və həmin kənddən olan digər şəhidlərin adlarını əbədiləşdirmək imkanında olduğunu deyib.

İlham Abdullayev 6 nəfər şəhidin büstlərinin qoyulması adı ilə 2021-ci ilin fevralında Samik Xeyirbəyovdan yaşadığı evdə 800 manat pul alıb. O, pulu şəxsi ehtiyaclarına sərf edib.

İstintaq orqanı İlhamın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər daxili işlər orqanında xidmət edib, ixtisası hüquqşünasdır: “İstefada olan polis polkovnik-leytenantı, əslən Quba rayonundan olan Tahir Məmmədovu uzun illərdir tanıyıram və dostluq əlaqələrim var. Onunla birlikdə Samik Xeyirbəyovun evlərində olmuşam. Hətta çəkiliş aparılarkən hər birimiz iştirakçı olmuşuq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, kəndin digər şəhidi Murad Kəlbiyevin ailəsini Tahir Muradova görə tanıyıb: “Tahir bütün proseslərdə mənimlə iştirak edib. Məmmədziyad Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırda icraatında olan cinayət işim üzrə zərərçəkmiş şəxs hesab edilən Rübabə Kəlbiyevanın həyat yoldaşıdır. Samik Məmədziyadla eyni kənddə yaşayır.

Məmmədziyad mənimlə qərəzli olduğuna görə barəmdə şikayət etdikdən sonra axtarışa verilmişəm. Samik isə bunu bir il sonra internetdən öyrənib və məndən şikayət edib”.

Təqsirləndirilən şəxs deyib ki, guya o, Samik Xeyirbəyovdan ələ keçirdiyi 800 manat məbləği digər zərərçəkmişə ödəyib: “Halbuki Samik Xeyirbəyovdan heç bir məbləğdə pul almamışam və ona pul qaytarmamışam. 200 manat pulu da müxbirlərə vermişəm. Müxbirlər hər birinin evinə iki dəfə gəlib ki, o məbləğ heç benzinə də çatmır. Biz onların şəhid ailəsi olmalarını ictimailəşdirmək üçün çəkiliş aparmışıq. Çəkiliş üçün "Kanal 13"dən xahiş etmışəm və çəkilişlərə köməklik göstərmişəm. Çəkilişə görə heç kimdən pul istəməmişəm. Samikgil özləri çəkiliş aparan kanal işçilərinə pul veriblər. Mən heç kimə 200 manat verməsini təklif etməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onların arasında büst söhbəti olmayıb: “5-6 metrlik büstün 800 manat məbləğə qoyulması inandırıcı deyil. Mənə qarşı irəli sürülmüş ittiham əsassızdır”.

İş üzrə zərərçəkmiş Samikin sözlərinə görə, təqsirləndirilən şəxs onun şəhid oğlunu tanıtmaq üçün çəkiliş aparılması ilə bağlı evinə gəlib, çəkilişi "Kanal 13" aparıb: "Bundan sonra İlham bir neçə dəfə evimdə olub, çörək kəsib. İlham çəkiliş üçün məndən 200 manat, büstlərin düzəldilməsi üçün 800 manat alıb. Pulları qaytarmayıb. Büst tək mənim oğlum üçün deyil, o biri şəhidlər üçün də qoyulacaqdı.

Mən pulu İlhama oğlum və arvadımın yanında vermişəm. 800 manatı verəndən sonra İlham bir dəfə evimə gəldi. Bunun uzun çəkən iş olduğunu, lakin düzələcəyini bildirdi. Həmin pulu ona hissə-hissə vermişəm. Birinci 200 manat, daha sonra 800 manat vermişəm, 400 manatı isə büstlər qoyulandan sonra verməli idim”.

Zərərçəkmiş deyib ki, əslində ona dəymiş maddi ziyan ödənilməyib: “Mən gedib gəlmək istəmədiyim üçün maddi ziyanın ödənildiyini yazmışam. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlham 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xeyirbəyov Malik Samik oğlu 2002-ci martın 19-da Qusar rayonun Cibir kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak edib. Füzuli, Cəbrayıl, və Hadrut döyüşlərində vuruşub.

Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Malik Xeyirbəyov Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, İlham Abdullayevin baqa bir icraatda olan cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır. Həmin istintaq sənədlərinə görə, o, vətən müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədib.

İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir.

O, Rübabə Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.

İlham Abdullayev hazırki cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir.

Belə ki, o, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.

Bu iş üzrə İlham Abdullayev Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər