19 İyun 2023 14:06
4 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 1974-cü il təvəllüdlü Sultan həyat yoldaşı Turanəyə (adlar şərti verilib – red.) işgəncə verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sultan 2010-cu ildən qeyri-rəsmi nikahda yaşadığı Turanənin dəfələrlə mobil telefonla kənar şəxslə danışıb, həmin şəxsin kimliyini ondan gizlətdiyini əsas gətirərək 29 avqust 2022-ci ildə yaşadıqları evdə onu əl, ayaq zərbələri, taxta parçası ilə vurub.

Daha sonra avqustun 30-da o, arvadına əl və ayaq zərbələri ilə vurmaqla qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan xəasrətlər yetirib. Ertəsi gün, saat 21 radələrində Sultan arvadını rezin boru ilə döyüb.

Sultan həmin il oktyabrın 31-də də arvadını döyüb, ona bədən xəsarətləri yetirib.

Həmin qadınla yaşamıram”

İstintaq orqanı tərəfindən Sultanın barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə, bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sultan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Turanə ilə qeyri-rəsmi nikahda olsalar da, bir ailə kimi yaşayıblar: “Bizim bu münasibətdən 9 yaşlı Əli və 11 yaşlı Aydan adlı uşaqlarımız var. Mənim digər qadınla rəsmi nikahdan övladım olsa da, həmin qadınla yaşamıram. Turanə ilə bu illərlə mehriban münasibətlərdə olmuşuq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqustun əvvəllərindən ona olan münasibəti dəyişib: “Turanənin mobil telefonda bir nəfər hərbçi ilə mesajlaşmasını bildikdən sonra onunla mübahisələrimiz başladı. Bu barədə ona iradımı bildirdikdən sonra Turanə uşaqları da götürərək qardaşının evinə apardı. Mən bir neçə dəfə Turanəni və uşaqlarımı evə gətirdim”.

“Dedim, başqa kişi ilə danışmağını sübut edəcəm”

Sultan bildirib ki, avqustun 29-da saat 13 radələrində evdə olub və ona deyib ki, mobil telefonla kənar şəxslə danışır, həmin şəxs kimdir: “Turanə ilk olaraq kimləsə danışdığını boynuna almadı. Mənimlə söhbətdən qaçaraq həyətə çıxdı. Onun bu hərəkəti məni əsəbiləşdirdi. Evin həyətində onu əlimlə vuranda qaçaraq evə girdi. Dedim ki, başqa kişi ilə danışmağını sənə sübut edəcəm.

Evə girən kimi uşaqlar olan otağa keçdi ki, mənimlə söhbətdən qaçsın. Avqustun 30-da, səhər tezdən işə getdim. Axşam üstü evə qayıtdım. Həmin gün gecə saat 23 radələrində Turanə ilə bu barədə yenə də söhbətim oldu. Uşaqlar yatdı və Turanəni mətbəxə çağırdım. Ondan telefonla kimlə danışdığını soruşanda, yenə mənə konkret cavab vermədi. Dedi, guya anası ilə danışıb, kənar şəxslə danışmayıb.

Daha sonra dedi ki, birgə yaşamağımız mümkün deyil, ev satılsın və ayrı yaşayaq. Ona dəfələrlə bildirdim ki, yaşadığımız ev bacımın adınadır, onu satmaq olmaz.

Ona söylədim ki, söhbətin məzmununu dəyişməsin, sualım budur ki, telefonda danışdığı şəxs kimdir? Turanənin həmin söhbətdən fikri yayındırmağı məni əsəbiləşdirdiyi üçün onu şillə ilə vurdum. Bu zaman Turanə qaçaraq yataq otağına girdi. Sonra dedi ki, səhər uşaqları da götürərək atasıgilə gedəcək”.

“Polislərlə getdi”

Sultanın ifadəsinə görə, avqustun 31-də səhər işə gedib və axşam evə qayıdıb: “Saat 21 radələrində sonucu dəfə Turanə ilə bu barədə söhbətimiz oldu.

Uşaqlar yatmışdı, səs-küy olmaması üçün onunla hamamda söhbət etməyə başladıq. Söhbət yenə də onun kiminlə mobil telefonla danışması barədə oldu. Turanə dedi ki, mənimlə yaşaması mümkünsüzdür, atasıgilə gedəcək. Məni söyərək hamamdan çıxanda ona bir dəfə əlimlə zərbə vurdum.

Bayıra çıxandan sonra mobil telefonla anasına zəng vurdu, bir xeyli danışdılar. Çox keçmədən evə polislər gəldi. Turanə polislərlə getdi”.

“İşgəncə verməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, Turanə ondan Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə şikayət edib:

“Həmin gündən sonra Turanə evə gəlmədi, atasının yaşadığı mənzilə getdi. Bu müddət ərzində dəfələrlə zəng vuraraq evə qayıtmağını xahiş etdim. Bildirdim ki, ortada uşaqlar var, onların xətrinə barışmalıyıq. Nəhayət, Turanə razılaşdı. Oktyabrın 31-də saat 12 radələrində özümə məxsus avtomobillə onun atasının yaşadığı evinə getdim. Uşaqlarından biri evdə, digəri isə dərsdə idi.

Mən bir az uşaqla söhbət etdim. Sonra uşaq otaqda qaldı, mən qapını örtərək digər otağa keçdim. Turanə ilə söhbət etməyə başladım. Həmin vaxt Turanə sərxoş idi. Söhbət etməyə başlayanda dedi ki, əgər yenə onu döyəcəyəmsə, getməyəcək.

Sonra hamama girdi və hamamda olanda eşitdim ki, kimləsə telefonla söhbət edir. Telefonla danışandan sonra hamamdan çıxdı. Ondan soruşdum ki, kimlə danışırsan? Həmin vaxt mobil telefonu hamamda idi. Telefonu götürdüm ki, onun kimlə danışdığını görüm. Lakin Turanə nömrəni telefonundan silmişdi.

Turanəni əlimlə vuranda qaçaraq bayıra çıxdı. Bir az gözlədim, Turanə gəlmədiyi üçün bayıra çıxdım. Öz avtomobilimə əyləşərək evimə getdim. Sonra eşitdim ki, həmin gün Turanə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə şikayət edib.

Turanəyə işgəncə verməmişəm və belə bir fikrim də olmayıb. Onun hərəkətləri və başqa bir kişi ilə danışması məni əsəbiləşdirdiyindən onu əlim ilə vurmuşam”.

“Taxta parçası ilə məni vurdu”

İş üzrə zərərçəkmiş Turanənin sözlərinə görə, 2022-ci ilin iyun ayından Sultanın ona olan münasibəti dəyişib: “Qısqanclıq zəminində mənimlə tez-tez mübahisələr etməyə başladı. Uşaqların yanında məni təhqir etdi. Mübahisələrimiz münaqişəyə çevrildiyinə görə məcbur qalaraq uşaqları da götürdüm, qardaşımın, atamın evinə getdim.

Bir müddət qalandan sonra Sultan yenə də şirin dilini işə saldı. Uşaqları da, məni də götürərək yenidən evə apardı.

Avqustun 29-da saat 13 radələrində evdə oldum. Sultan mənə irad bildirdi və dedi ki, guya mobil telefonla kənar şəxslə danışıram. Bildirdim ki, heç bir kənar şəxslə danışmıram. Dedi, yalan danışırsan. Məni həyətə çıxardı. Evin həyətində əl və ayaq zərbələri ilə vuraraq mənə xəsarət yetirdi. Hətta ürəyi soyumadı, həyətdəki taxta parçası ilə də məni vurdu.

Ona dedim ki, kənar şəxslə danışmıram. O da bildirdi ki, kənar şəxslə danışdığını sübut edəcək və birtəhər məndən əl çəkdi”.

“Dedim ki, bir daha geri qayıtmayacam”

Zərərçəkmiş qeyd edib ki, avqustun 30-da gecə saat 23 radələrində yatmaq istəyib: “Sultan yatmağa imkan vermədi. Məni yataq otağından çıxarıb mətbəxə apardı. Mətbəxdə saçımdan tutaraq yerdə sürüdü, əl və təpiklə sifətimə, bədənimin müxtəlif nayihələrinə zərbələr vurdu.

Ona bildirdim ki, məni döyməyə görə evə gətirmişdin? Dedim ki, səhər tezdən uşaqları da götürüb atamgilə gedəcəm və bir daha geri qayıtmayacam. Yenə də birtəhər Sultanın əlindən çıxdım və uşaqlar yatan otağa keçdim. Uşaqların yanında yatdım ki, Sultan məni döyməsin.

Gecəni yata bilmədim. Bədənim Sultanın vurduğu zərbələrdən bərk ağradı. Bədənimin ağrısından yuxudan gec durdum”.

“Uşaqların xətrinə razılaşdım”

Zərərçəkmişin sözlərinə görə, avqustun 31-də saat 21 radələrində Sultan yataq otağına girərək uşaqlar yatdığı üçün sakitcə onu çölə çağırıb: “Əvvəlcə çıxmaq istəməsəm də, fikirləşdim ki, səs-küy salıb uşaqları da yuxudan durğuzacaq. Buna görə bayıra çıxdım. Mənim atamgilə getməyimə imkan verməyəcəyini söylədi. Mən isə gedəcəyimi bildirdim. Bu zaman məni yumruqla vurdu. Onun əlindən çıxaraq hamam otağına qaçdım.

Çox keçmədən Sultan hamama gəldi. Əlində uzun rezin boru oldu. Həmin boru ilə məni vurmağa başladı. Dedi ki, telefonda danışdığın kənar şəxs kimdir? Məni o qədər vurdu ki, halsız vəziyyətə düşdüm. Pis vəziyyətdə olduğunu görüb hamamdan çıxdı. Mən də birtəhər otağa getdim, anama zəng vurdum və Sultan tərəfindən döyüldüyümü bildirdim.

Çox keçmədən evə polis əməkdaşları gəldilər. Mən 43-cü polis bölməsinə gedərək şikayət ərizəsi yazdım. Daha sonra xəstəxanaya müraciət etdim.

Xəstəxanadan çaxandan sonra atamgilə getdim. Bir müddət atamın yaşadığı evdə qaldım. Sultan dəfələrlə zəng vuraraq barışmağı xahiş etdi. Bildirdi ki, ortada uşaqlar var, onların xətrinə barışmalıyıq. Mən uşaqların xətrinə razılaşdım və ona atamgilə gəlməyə icazə verdim”.

“Dedi ki, məni dəniz qırağına aparıb, öldürəcək”

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 31-də saat 12 radələrində Sultan atasının yaşadığı evə gəlib: “Sultan mənimlə və uşaqla söhbət etməyə başladı. Yenə də dedi ki, telefonda danışdığın şəxs kimdir? Ona bildirdim ki, sən bura mübahisə etməyə gəlmisən?

Bundan sonra Sultan sakitləşdi və düzünü deməyi xahiş etdi, hətta məni öpdü. Həmin vaxt uşaqla danışmağa, deyib-gülməyə başladı. Bu zaman hamama keçdim. Bir azdan Sultan hamamın qapısını açaraq dedi ki, sən kimlə telefonda danışırdın? Əlini ataraq mobil telefonumu götürdü. Yarıçılpaq vəziyyətdə hamamdan çıxaraq Sultana dedim ki, telefonu qaytarsın.

Ondan mobil telefonu almaq istəyəndə, məni əl zərbələri ilə vurdu. Gördüm ki, mobil telefonu verməyəcək. Əynimi geyindim, ona dedim ki, evdən getsin, əks halda özüm evdən çıxacam. Bu zaman gördüm ki, Sultan bıçaq götürüb və otağımdakı alt paltarımı doğrayır. Yenə də ona bildirdim ki, çıxıb getsin. Sultan dedi ki, heç yerə getməyəcək, əksinə gəldiyi maşını da həyətə salaraq, məni maşının yük yerinə qoyacaq, dəniz qırağına aparıb, öldürəcək”.

“Polisə şikayət etdim”

Turanənin ifadəsinə görə, bundan sonra Sultanın evdən çıxmadığı görüb və özü evdən çıxmağa məcbur olub: “Yol polisi idarəsinin yanından keçəndə tanımadığım polis işsçisi həyəcanlı olduğumu gördü, ora Post Patrul Xidməti naryadını çağırdı. Çox keçmədən polislər mənə yaxınlaşdılar. Sultan yanımda polisləri gördü, avtomobilin istiqamətini dəyişməklə oradan getdi. Mən də polis şöbəsinə gedərək ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Sultan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər